Son yeniləmə: 28 Mart 2022 18:24
Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib.
Bu barədə bayraqdar.info-ya martın 28-də ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, səfər Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası və Uqandada “ASAN xidmət” modeli əsasında vahid məkandan dövlət və özəl xidmətlər göstərən mərkəzlərin təşəkkül tapması prosesi çərçivəsində reallaşdırılıb:“Səfərin ilk günü nümayəndə heyəti Uqandanın ictimai xidmətlər üzrə dövlət naziri Meri Muqasa Akiiki ilə görüşüb. Görüşdə Dövlət Agentliyi ilə Uqandanın Dövlət Xidmətləri Nazirliyi arasındakı əməkdaşlıqdan bəhs edilib, həmçinin Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və planlaşdırılan layihələrin əhəmiyyəti vurğulanıb. Nazir “ASAN xidmət” modelinin Uqandada tətbiqi ilə əlaqədar hazırlanmış fəaliyyət planının icrası çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyətinin səfərinə böyük əhəmiyyət verdiklərini qeyd edib, müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib”.
Məlumata əsasən səfər çərçivəsində Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyinin aparatının rəhbəri Katerin Musinqvire və nazirliyin digər yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib: “Görüşlər zamanı Dövlət Agentliyinin nümayəndələri tərəfindən dövlət xidmətlərinin göstərilməsi, rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən həyata keçirilən ən son layihələr barədə təqdimatlar edilib.
“Səfər zamanı, həmçinin Uqandanın Xarici İşlər Nazirliyi, İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi, Milli İnformasiya Texnologiyaları İdarəsinin rəhbər heyətləri ilə görüşlər keçirilib. Bundan əlavə, Dövlət Agentliyinin nümayəndə heyəti Kampala, Entebbe və Kasese şəhərlərində fəaliyyət göstərən “Uqanda Xidmət Mərkəz”lərinin fəaliyyəti ilə də yaxından tanış olub və mərkəzlərin işinin təkmilləşdirilməsi istiqamətində öz təklif və tövsiyələrini verib. Entebbe və Kasese şəhərlərində olarkən nümayəndə heyəti müvafiq şəhərlərin merləri ilə də görüşüb. Eyni zamanda, dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə Uqandada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib”.
O da qeyd edilib ki, Uqandanın Dövlət Xidmətləri Nazirliyinin rəsmiləri ilə aparılmış müzakirələrin nəticəsi olaraq Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi prosesinin davam etdirilməsi, eləcə də bu istiqamətdə iki qurum arasında mövcud Yol xəritəsinin yenilənməsi, Uqandanın Dövlət Xidmətləri Nazirliyinin əməkdaşlarına Dövlət Agentliyinin nümayəndələri tərəfindən təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Uqandada keçirilmiş görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.