“Dövlətin təhlükəsizlik orqanı, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir və öz vəzifəsini o vaxt layiqincə yerinə yetirir ki, o orqanda peşəkar əhval-ruhiyyə, peşəkar kadrlar və peşəkar iş üslubu olsun”.
Heydər Əliyev
Bayraqdar.info – Martın 28-də Azərbaycanda təhlükəsizlik orqanlarının qurulmasının 103 ili tamam olur. Ümmumilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən hər il mart ayının 28-i Azərbaycan Rexpublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
“Hələ sovet dönəmində təhlükəsizlik orqanlarında ən böyük çətinliklərdən biri tərkibin milliləşdirilməsi idi. Mövcud durum və yaranan situasiyalara baxmayaraq, ulu öndər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan təhlükəsizlik orqanlarında bu problemin aradan qaldırılması istiqamətində işlər görülüb.” Bu sözləri bayraqdar.info-ya sahə üzrə ekspert, millət vəkili Arzu Nağıyev bildirib.
O deyib ki, SSRİ miqyasında da Azərbaycan təhlükəsizlik orqanlarının öz çəkisi olub. Azərbaycan xüsusi xidmət orqanları həm coğrafi mövqeyinə görə, istər İran, istər digər dövlətlər olsun, SSRİ-nin tərkibində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini çox uğurla davam etdirirdi: “Burada bir məqamı da qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyev 1944-cü ildən 1969-cu ilə qədər əməliyyat müvəkkilindən başlayaraq qurumun rəhbəri – Dövlət Təhlükəsizliyi Komitəsinin sədri qismində fəaliyyət göstərib. Onun da apardığı əsas siyasət peşəkarlıqla yanaşı qurumun milliləşdirilməsi istiqamətində atılan addımlar idi. Təbii ki, SSRİ dövləti elə bir problem yaşadırdı ki, mütləq xüsusi xidmət orqanlarında əsasən rus, erməni millətindən olanlar var idi. O vaxt hamı SSRİ-nin vətəndaşı idi. Lakin çalışırdılar ki, bir dövlətə qarşı digər etnik qruplardan istifadə etsinlər. Bunun qarşısının alınması istiqamətində – rəhbər vəzifələrə təyinatda ulu öndərin rolu birmənalı şəkildə olub və bu danılmazdır. Nəzərə alaq ki, xüsusi xidmət orqanlarında milliləşdirmə prosesi ən ağır prosesdir və bunun öhdəsindən məhz H.Əliyev kimi bir peşəkar gələ bilərdi”.
“Azərbaycanda erməni bölücülüyü baş qaldırdıqdan sonra ermənilər tərəfindən nəqliyyatda bir sıra terror hadisələri törədildi. Həm törədənlərin ifşa edilməsi, həm də törətməyə hazırlaşanların qarşısının alınmasında çox mühüm addımlar atıldı. Bundan başqa, dini radikal qruplaşmalara qarşı da mübarizə aparılmağa başladı. Hətta məşhur 11 sentyabr hadisələrinə qədər dini radikal qruplaşmalara qarşı belə ciddi mübarizə yox idi. Müəyyən cücərtilər Əfqanıstan və digər ölkələr arasında olsa da Azərbaycanda bunların rüşeymini məhv etmək üçün ciddi addımlar atıldı, həbslər oldu”, – deyə millət vəkili qeyd edib.
A.Nağıyev 44 günlük müharibədə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi rolunu da qeyd edib. O, bildirib: “44 günlük müharibədə də Dövlət Təhlükəsizliyi Xidməti istər xarici kəşfiyyat İdarəsi, istərsə də hərbi əks-kəşfiyyat idarələri çox mühüm addımlar atdı. Düşmənin dislokasiyasından tutmuş digər istiqamətlərdə təxribatların qarşısının alınması, Azərbaycan daxilindən ermənilərə meylliliyin qarşısının alınması üçün çox ciddi əks-kəşfiyyat və kəşfiyyat fəaliyyəti həyata keçirdilər. Bu gün Azərbaycan vətəndaşı qeyd edə bilər ki, onun haqqını, Konstitusiya hüquqlarını qoruyan çox mühüm bir qurum daim onların yanındadır”.
Əlavə edək ki, Azərbaycan Respublikasında Dövlət Təhlükəsizliyi Xidməti 1919-cu ildə – Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qurulub. Lakin 1920-ci ildə Rusiyanın (Sovetlərin) Azərbaycanı yenidən işğal etməsilə o xidmət də düz 70 il daha çox işğalçıların məqsədlərinə xidmət edib. Məhz bu məqsədləri təmin etmək üçün Moskva daim quruma türk/azərbaycanlı olmayan şəxsləri rəhbər təyin edib. Yalnız H.Əliyev quruma rəhbər təyin edildikdən sonra milliləşmə və Azərbaycanın maraqları sözün həqiqi mənasında qorunmağa başlayıb.