Press "Enter" to skip to content

Türkiyəli generaldan Rusiya və Ermənistana xəbərdarlıq

Dr. Yücel Karauz

Son yeniləmə: 28 Mart 2022 09:40

Bayraqdar.info – “Dövlətlərarası əlaqələrdə verilən söz, atılan imza namusdur, əxlaqdır, hüquqdur, sənəddir”.

Bunu son günlər, xüsusilə də martın 26-da qeyri-qanuni erməni silahlı dəstələri üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətmə cəhdinə, həmçinin Ermənistanın son davranışlarına münasibət bildirən Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Ermənilər üçtərəfli Bəyanatın 4-cü bəndinə əməl etmir

Bayraqdar.info-ya özəl açıqlamasında Y.Karauz bildirib ki, Ermənistanın 2020-ci il noyabrın 10-da təslimçilik aktını imzalamasından bu günə qədər 16 aya yaxın vaxt keçib: “Həmin gün imzalanan üçtərəfli Bəyanatdakı müəyyən bəndlər öz həllini tapsa da bəzi məsələlərdə hər hansı irəliləyiş əldə edilməyib. Bunlardan ən başlıcası bəyanatın 4-cü bəndidir. Bu bənd – Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə isə məsuliyyət birbaşa Rusiyanın – Rusiya sülhməramlılarının üzərinə düşür. Lakin onlar bölgənin işğalçı Ermənistan ordusunun qalıqlarından və qeyri-qanuni erməni silahlı dəstələrindən təmizlənməsinə kömək, həmçinin ermənilərin təcavüzkar və terrorçu fəaliyyətlərinə əngəl olmaq əvəzinə bu cür cinayətkar əməllərə göz yummaqdadır. Məhz bu göz yummanın nəticəsində də işğalçı qüvvələr yenidən ürəklənir. Yəni 2020-ci ildə Qarabağ münaqişəsi aradan qalxsa da yenidən sanki münaqişə qalırmış kimi süni gərginliklər yaradılmasına cəhdlər edilir. Zaman-zaman xaricdən körüklənən bu cür terrorçu fəaliyyətlərə baş vurulur. Ancaq Azərbaycan ordusu da dərhal bu mənfur əməllərə ikiqat cavab verir”.

Ukraynada çətin duruma düşən Rusiya…

Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 26 və 27 mart tarixli həqiqəti əks etdirməyən birtərəfli açıqlamalarını da sərt şəkildə tənqid edən türkiyəli general bu davranışın Rusiyaya xeyir gətirməyəcəyini bəyan edib: “Ukraynada çətin duruma düşən, istədiyi hədəflərə çata bilməyən, öz işğalçı əməllərinə görə beynəlxalq birlik tərəfindən təzyiqlərə tuş gələn Rusiyanın ermənilərin cinayətkar əməllərinə göz yumması, bu azmış kimi MN-in dili ilə Azərbaycana qarşı əsassız fikirlər səsləndirməsi beynəlxalq hüquqa, insanlığa, o cümlədən 2020-ci il noyabrın 10-da içzalanmış üçtərəfli Bəyanata ziddir və qəbuledilməzdir. Bunu hər kəs bir daha bilsin ki, Azərbaycanda “Dağlıq Qarabağ” deyə bir bölgə yoxdur. Qarabağ Azərbaycan torpağıdır və burada yalnız Azərbaycan qanunları keçərlidir. Heç bir ölkə öz sərhədləri daxilində hər hansı silahlı terror qrupunun, xüsusilə də başqa ölkələrə xidmət edən terrorçu qrupların olmasını qəbul edə bilməz. Təbii ki, bunu hazırda terrorçu, işğalçı qruplaşamalara qarşı mübarizə aparan Azərbaycanı haqsız hədəfə alan Rusiya da yaxşı bilməlidir. Məgər Rusiya öz sərhədləri daxilində hər hansı bir xarici ölkəyə tabe olan silahlı terroçu qrupların olmasına göz yumar? Bir sözlə, bu gün bu problemin bir həlli var. Ya Rusiya sülhməramlıları bölgədə üzərlərinə götürdükləri öhdəliyi məsuliyyətlə yeirnə yetirməlidir, ya da Azərbaycanın qüdrətli ordusu bu işi özü həll edəcək”.

“Rusiya Müdafiə Nazirliyinin erməni terrorçuları ilə bağlı son davranışları, terrorçuların müdafiəsinə qalxması ağlasığmaz bir addımdır. Mən bir an əvvəl Rusiyanı sağlam düşüncə ilə hərəkət etməyə çağırıram. Hər kəsə bəllidir ki, diqqəti Ukraynada düşdüyü bataqlıqdan yayındırmaq üçün atdığı bu addım Rusiyaya müsbət nəsə vəd etmir”, – deyə Y.Karauz vurğulayıb.

Ermənistan bununla öz vəziyyətini daha da çətinləşdirir

Müsahibimiz onu da qeyd edib ki, Türkiyənin və Azərbaycanın bölgədə əbədi sülhün, iqtisadi inkişafın təmininə əsaslanan səmimi, xoşniyyətli davranışına adekvat reaksiya verməyən Ermənistan bununla öz vəziyyətini daha da çətinləşdirir: “Bunu bildirməyi özümə borc bilirəm ki, xarici güclərin maşası rolunu oynayan Ermənistandakı revanşist, bölgədəki vəziyyətin 2020-ci il sentyabrın 27-dəki həddə qayıtmasını istəyən qüvvələr odla oynayırlar. Ermənilər artıq anlamalıdırlar ki, Türkiyə ilə Azərbaycanın xoş niyyətli və səbrli davranışının da bir sonu var. Səbrimiz tükənməkdədir. Bu xoşniyyətli davranışımıza lazımi şəkildə, müsbət cavab verməyəcəkləri təqdirdə ermənilər özlərinə ən böyük pisliyi etmiş olacaqlar. Onlar bilsinlər ki, 2020-ci il 12 iyuldan 27 sentyabra kimi ardıcıl təxribatlar törətdikdən sonra layiqli cavab aldıqları kimi bu dəfə də eyni aqibətə tuş gələcəklər. Son olaraq bir daha bəyan edirəm ki, əgər Rusiya və Ermənistan üçtərəfli Bəyanata əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməsə, Azərbaycan bunu birdəfəlik özü həll edəcək. Azərbaycan ordusunun şanlı qələbəsi ilə qondarma “DQR” gorbagor olub. Rusiya MN-in son açıqlamalarında uydurduğu əsassız adlar da 2020-ci il qələbəsi ilə cəhənnəmə vasil olub”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.