Press "Enter" to skip to content

Azərbaycan XİN Ermənistanın yalanlarına cavab verdi

Xarici İşlər Nazirliyi

Bayraqdar.info – Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistanın müvafiq qurumunun bölgədəki vəziyyətlə bağlı əsassız bəyanatına dair açıqlama ilə çıxış edib.

Martın 25-də XİN-dən bayraqdar.info-ya daxil olan xəbərdə belə deyilir.

“Ermənistan Xarici İşlər Nazirliyinin 24 mart tarixində, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

“Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır”, – deyə açıqlamada bildirilir.

Azərbaycan XİN daha sonra əlavə edir ki, “Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400 mindən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terroru törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşmüş 4 minədək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyildir”.

“Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir. İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır.” Açıqlama bu sözlərlə bitir.

Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanın Qarabağdakı erməni əhalini zorla yaşayış yerlərindən çıxarmağa çalışmasıyla bağlı saxta xəbərlər yayır. İddia edilir ki, Azərbaycan hərbçiləri Qarabağın ermənilər yaşayan ərazilərinə daxil olur, kəndləri boşaltmağa çalışır. Azərbaycan tərəfi isə məsələylə bağlı dəfələrlə açıqlama verib, hər hansı zorakılığın və hərəkətlənmənin olmadığını bildirib.

Mission News Theme by Compete Themes.