Bayraqdar.info – Martın 23-də Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub.
Bu barədə bayraqdar.info-ya martən 24-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.
Tədbirdə Meksika Senatının sədri Olqa Sançez Kordero Davila, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri iştirak ediblər.
Öncə tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən və sülh rəmzi olan zeytun ağacının Senatın binasının həyətində əkilmə mərasimi keçirilib.
Daha sonra tədbiri açan Senatın sədri Olqa Sançez Kordero Davila tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq bu bayramın zəngin mədəniyyətlərin qədim ənənələrinin daşıyıcısı olduğunu və bu tədbir zamanı Meksika xalqının həmin mədəniyyətlərlə tanış olmaq imkanının yarandığını dilə gətirib. O, Novruz bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini bildirib.
Sonra Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso çıxış edib. O, baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz bayramının Azərbaycan, İran, Türkiyə və Gürcüstan səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu ifadə edib və onlara bu tədbirin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə ölkəmizi təmsil edən Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək Novruz bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın geniş və təntənəli şəkildə qeyd edildiyini vurğulayıb.
Novruz bayramının dünya Azərbaycanlılarının ən sevimli və əziz bayramlarından biri olduğunu, onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyini, bu bayramın zəngin ənənələri yaşatdığını qeyd edib. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə edib. O, Novruz bayramının həm azərbaycanlılar, həm də ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə zəngin olduğunu bildirərək, həmin ənənələr barədə tədbir iştirakçılarına danışıb. Eləcə də, 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğaldan azad edilmiş və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu bildirən diplomat, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mühüm yer tutduğunu, bu xüsusda bu kimi tədbirlərin hər iki xalqın bir-birinin zəngin mədəniyyəti, tarix və ənənələri ilə tanış olmasına imkan yaratdığını qeyd edib. Bu kontekstdə bir neçə gün öncə paytaxt Mexiko şəhərinin ən populyar Linkoln parkında Novruz bayramının təntənəli şəkildə qeyd edildiyini deyib.
Tədbirdə həmçinin İran və Türkiyə səfirləri də çıxış edib.
Bundan sonra Senatın sədri, üzvləri və tədbirin digər çoxsaylı qonaqlarına ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar göstərilib, Novruz bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib, materiallar paylanılıb. Azərbaycan masası qonaqlar tərəfindən olduqca böyük maraqla qarşılanıb.
Eyni zamanda, Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilib.
Tədbir Meksika Senatının Televiziya kanalı və sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb, ölkə KİV-i tərəfindən işıqlandırılıb.