Bayraqdar.info – Bəlli olduğu kimi, Azərbaycanın 2020-ci ildəki 44 günlük savaşda işğalçı Ermənistan üzərində çaldığı möhtəşəm qələbə dünyada geniş şəkildə öyrənilir, təhlil edilir. Hətta bir sıra ölkələrin aparıcı ixtisaslaşmış qurumları bu savaşın bu qədər səliqəli və nəticə yönümlü olmasını dəfələrlə götür-qoy edir, Azərbaycanın təcrübəsini öyrənirlər.
Bu da təsadüfi deyil.
Çünki Azərbaycan Ordusu istər hərbi gücü, istərsə də tətbiq etdiyi taktika baxımından 21-ci yüzilin ən səliqəli, savadlı, insanlara və digər canlılara ən az zərər vuran savaşını aparıb. Həm də belə bir savaşda qısa müddətə böyük qələbə qazanıb.
Nəticə də odur ki, 44 günlük savaş günlərində qarşı tərəfin mülki əhalisinə demək olar ki, zərər dəyməyib. Hətta savaşın hər gününə düşmən tərəfin heç bir nəfər belə mülki şəxsi öldürülməyib. Ermənistanın yaydığı rəsmi rəqəmlərə görə, 44 günlük savaş günlərində 30 nəfər civarında mülki erməni öldürülüb ki, bu da belə geniş miqyaslı savaş üçün nəinki böyük rəqəm deyil, ümumiyyətlə normaldan qat-qat aşağıdır.
Yeri gəlmişkən qeyd edək ki, işğalçı Ermənistan Azərbaycanın 100-dək mülki şəxsini öldürmüşdü o 44 günlük savaşda…
İndi isə Rusiyanın Ukraynaya təcavüzünün 28-ci günüdür. İşğalçı Rusiya bu 28 gün ərzində minlərlə dinc Ukrayna sakinini öldürüb. Təkcə öldürülən uşaqların sayı artıq 100-ü keçib. Yaxud da adicə bir şəhərdə – Mariupolda öldürülən dinc sakinlərin sayı 2 min nəfəri keçib.
Əlbəttə ki, belə bir durum istər-istəməz Azərbaycanın apardığı haqq savaşını yenidən gündəmə gətirməliydi. O baxımdan The Washington Post-un 22 mart tarixli sayındakı müəllif yazısı diqqət çəkir.
Müəllif Maks But (Max Boot) yazır: “Ruslar indi daha ağır itkilərdən əziyyət çəkir. Çünki ABŞ Ukraynanı yalnız çox sayda Javelin-lə təmin etmir, həm də 100 Switchblade kamikadze dronu – hədəfi texniki cəhətdən izləyən sursat kimi bilinir – da verir. Bunlar havada dayanaraq hədəfi axtarır və sonra da onu tapıb içinə dalır. TB2 dronları və İsrail istehsalı olan izləyici sursatların kombinasiyası Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı savaşında son dərəcə üstün qələbəsini təmin etmişdi. Daha öncə də yazdığım kimi, Ermənistanın döyüş texnikasının 47 faizi (əslində 80 faizindən çoxu – Azər Həsrət) zədələnmiş və ya məhv edilmişdi. The Army Times yazırdı ki, Ermənistan-Azərbaycan savaşı ağır/zirehli texnika tərəfdarlarının müzakirəsi üçün olduqca geniş fikir mübadiləsinə səbəb olmuşdu. Durumdan asılı olaraq dəqiq dron hücumları bizim bildiyimiz zirehli texnikanın sonu və ya zəif yerləşdirilmiş zirehli texnikanın müdafiəsinin mümkünsüzlüyü örnəyi olmağa xidmət edir”.
Göründüyü kimi, dünyanın yetərincə nüfuzlu media vahidinin müəllifi Rusiya-Ukrayna savaşını təhlil edərkən Azərbaycanın üstün örnəyinə diqqət çəkir.
Yeri gəlmişkən, eyni gündə Vice nəşri də öz təhlilində Azərbaycanın 44 günlük savaşdakı üstünlüyünə diqqət çəkən məqama yer verib: “Savaş vaxtı Azərbaycan gücləri hazırda Ukraynanın əlində olan bənzər silahlardan istifadə edərək Ermənistan avadanlığını sıradan çıxarırdı”.
Əlbəttə, Rusiyanın Ukraynaya təcavüzü olmasa belə Azərbaycanın üstün savaş təcrübəsi dünya üçün araşdırma mövzusu olaraq qalacaqdı. Lakin təcavüzçü tərəf olaraq Rusiyanın dinc Ukrayna xalqını qırması, üstəlik də bütöv kəndləri və şəhərləri yer üzündən silməsi fonunda Azərbaycanın apardığı örnək – səliqəli, savadlı savaş təbii ki, təkrar-təkrar xatırladılacaq. Bu isə o deməkdir ki, dövlətimiz sözdə deyil, əməldə də dünyanın söykəndiyi yüksək dəyərlərə diqqət yetirir. Hətta qan-qadalı savaşda belə bu dəyərlərdən imtina etmir. Halbuki etməsi üçün yetərincə bəhanəsi olsa da…