Press "Enter" to skip to content

Qız Qalası qırmızı rənglə işıqlandırılacaq

Son yeniləmə: 23 Mart 2022 13:38

Bayraqdar.info – Martın 24-də saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tarixi tikililəri, o cümlədən Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.

Bu barədə bayraqdar.info-ya Vərəm Əleyhinə QHT Koalisiyasından məlumat verilib.

Bildirilib ki, məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. “Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir.

Ötən il olduğu kimi, bu il də Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyi“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə bu aksiyanın ölkəmizdə keçirilməsinə təşəbbüs göstərmişdir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaqdır”, – deyə məluamtda qeyd edilir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Dünyada hər 1 dəqiqədə 3 insan vərəm səbəbiylə həyatını itirir. ÜST dünya dövlətlərini investisiyanı artırmaqla vərəmə son qoymağa çağırır.

Mission News Theme by Compete Themes.