Son yeniləmə: 23 Mart 2022 13:31
Bayraqdar.info – “Azərbaycanla aramızdakı bağın günü-gündən inkişaf edəcəyinə inanıram”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar deyib.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndə heyəti və millət vəkilləri ilə görüşüb.
Qəbuldakı çıxışında Azərbaycan nümayəndə heyətini və deputatları görməkdən məmnunluğunu ifadə edən Cümhurbaşqanı E.Tatar dünyada çox mühüm hadisələrin baş verdiyi bir dövrdən keçildiyini bildirib. O, iki ölkə arasında sevgi bağını gücləndirməyə çalışdıqlarını söyləyib.
Azərbaycanda keçirilən tədbirlərdə hər zaman iştirak etdiyini dilə gətirən Cümhurbaşqanı E.Tatar iki ölkə arasında yaşanan bütün ağrı və sevincin ortağ olduğunu bəyan edib. E.Tatar “aramızda olan bağı gücləndirən ana Vətən Türkiyədir”, – deyə əlavə edib.
KKTC-nin bu günkü inkişafına görə Türkiyə Cümhuriyyətinin böyük fədakarlıqlar etdiyini və hər zaman Kıbrıs türkləri ilə birlikdə olduğunu bildirən E.Tatar, bu mübarizənin türkçülük məsələsi olduğunu bəyan edib. Cümhurbaşqanı Kıbrısın Yunanıstana birləşdirilməsi üçün yunan-rum cütlüyünün türklərə hər cür zülm etdiyini vurğulayıb.
Azərbaycanla KKTC arasında olan bağın günü-gündən inkişaf edəcəyinə inandığını ifadə edən E.Tatar “Biz sizinlə doğma qardaşıq. Sizin sevinciniz və kədəriniz bizimdir. Arzum daha bir addım da ataraq diplomatik məsələlərdə də yaxınlaşmağımızdır” sözləri ilə çıxışına yekun vurub.