Bayraqdar.info – Türk dünyasının gözəl bayramlarından olan Novruz qardaş Türkiyənin Denizli şəhərində də qeyd edilib. Eyni zamanda bu şəhərdə yerləşən Pamukkale Universitetində Novruz coşqusu yaşanıb.
Belə ki, martın 21-də bu ali təhsil ocağının Prof. Dr. İsmail Çetişli Konfrans Salonunda “Türk dünyasında Novruz” adlı panel təşkil edilib.
Fən-Ədəbiyyat Fakultəsinin Türk Dili və Ədəbiyyatı Bölümü tərəfindən hazırlanan panelə Dr. Öğr. Üyesi Salih Mehmet Arçın moderatorluq edib. Paneldə Öğr. Gör. İlmira Ragıbovanın “Qırğızıstan türklərinin Novruz adətləri”, doktor dərəcəsi üzrə təhsil alan Maral Əsgərovanın “Azərbaycan türklərinin Novruz adətləri”, aspirantura üzrə təhsil alan Negina Attarın “Özbək türklərinin Novruz adətləri”, bakalavr təhsili alan Sadap Eyeberdiyevanın “Türkmənlərin Novruz adətləri” mövzusunda məruzələri dinlənilib.
Çıxışlardan sonra magistr təhsili alan Akbilek Jaksılık tərəfindən Qazax türklərinin Novruz mahnıları səsləndirilib. Həmçinin iştirakçılara Türk Dili və Ədəbiyyatı Bölümündə təhsil alan qazaxıstanlı tələbələr tərəfindən Novruz şirniyyatı paylanıb.
Martın 22-də isə Pamukkale Üniversitetinin Hüseyin Yılmaz Kongres ve Kültür Mərkəzində bayram tədbiri keçirilib. Pamukkale Universiteti Sağlık Kültür ve Spor Daire Başkanlığı tərəfindən təşkil edilən tədbirin baş tutmasında Türk Dünyası Araştırma Topluluğu, Türk Yurtları Kültür ve Sanat Topluluğu, həmçinin Türkiyə Kamu Çalışanları yaxından dəstək olub.
Pamukkale Universitetinin 3-cü kurs tələbəsi Şəmsiyə İsmayıllının bayraqdar.info-ya verdiyi məlumata görə “Türk dünyası və Novruz bayramı” adlı tədbirdə Novruz tonqalı yandırılıb, ənənəvi dəmir döymə mərasimi keçirilib. Sonra türk xalqlarının Novruzla bağlı musiqi və rəqsləri təqdim olunub. Bədii proqramda Ozan Manasın ifasında türkülər də təqdim edilib.
Bayram çərçivəsində həmçinin xüsusi təqdimat-sərgi də keçirilib. Sərgidə universitetdə təhsil alan və türk dövlətlərindən olan tələbələrin hazırladıqları masalarda bayram süfrələri nümayiş olunub.
Azərbaycanlı tələbələr Azərbaycan masasını ziyarət edənlərlə yumurta doyüşüb, Novruz adətlərimiz haqqında bilgi veriblər.