Press "Enter" to skip to content

Türk birliyinin yeni günəşi Azərbaycandan doğur

Murtaza Karaçanta

Son yeniləmə: 19 Mart 2022 14:32

Murtaza Karaçanta: Azərbaycanın Qarabağ zəfəri türk birliyinin, Turanın daha da möhkəmlənməsinə təkan verib

Bayraqdar.info – “Bu, qəhrəman ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonra Azərbaycana ilk səfərim idi. Bildiyiniz kimi COVID-19 pandemiyası ilə əlaqədər bir müddət bura gələ bilmədik. Amma şükürlər olsun ki, artıq pandemiya ilə bağlı o çətin günlər arxada qalıb və biz rahat səfər edə bildik. Qalib Azərbaycanda olmaqdan bir daha qürur duydum. Tanrıya şükürlər olsun ki, bizə bu xoşbəxtliyi yaşatdı”.

Bunu bayraqdar.info-ya açıqlamasında İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyinin sədr müavini Murtaza Karaçanta deyib.

 

Qeyd edək ki, başa çatan həftə ərzində Murtaza Karaçanta, həmçinin Dərnəyin fəalları Cemal Çağatay və Ali Yaşar Yıldırım Azərbaycanda səfərdə olublar. Səfərin məqsədi və keçirilən görüşlər barədə məxsusi olaraq bayraqdar.info-ya dəyərləndirmə edən M.Karaçanta bunu çox məhsuldar səfər adlandırıb: “Ətraflı məlumata keçməzdən öncə deyim ki, səfərimiz məhsuldar və yaddaqalan oldu. Təxminən bir həftəyə yaxın çəkən səfərin ilk günü Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzdük. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anaraq, məzarı üzərinə çiçəklər düzdük. Fəxri xiyabanda uyuyan türk dünyasının digər dəyərli övladlarının, o cümlədən Əbülfəz Elçibəyin və Bəxtiyar Vahabzadənin də məzarlarını ziyarət etdik. Bundan başqa Şəhidlər xiyabanında Vətənimizin qəhrəman oğul və qızlarının unudulmaz xatirəsini andıq və buradakı “Türk şəhidliyi” abidəsini ziyarət etdik. Səfər yoldaşlarımın da qeyd etdiyi kimi bu gün Azərbaycan və türk xalqaları bu Şəhidlər xiyabanına alnıaçıq, üzüağ gəlirlər. Çünki cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi tarixi Zəfər zamanı bütün şəhidlərimizin qisası da mənfur düşməndən alındı”.

O da qeyd olunub ki, İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyinin təmsilçiləri səfər çərçivəsində bir sıra təşkilatlarda da görüşlər keçiriblər: “Belə görüşlərdən biri də Türk Ağsaqqalları Birliyində (TAİB) oldu. Bildiyiniz kimi mən TAİB-in İdarə Heyətinin üzvüyəm. Səfər zamanı qurumun mərkəzi ofisində TAİB-in Təşkilat Komitəsinin və İcra Aparatının üzvləri ilə birlikdə kiçik toplantımız oldu. Gələcək fəaliyyət istiqamətələrini müzakirə etdik”.

“Hər səfərdə Azərbaycanın daha da gözəlləşdiyinin və inkişaf etdiyinin şahidi oluruq. Bu dəfə isə Azərbaycanı həm də qürurlu gördüm. Mən həm Azərbaycanın bu inkişaf və tərəqqisinə, həm də Vətən müharibəsindəki tarixi qələbəmizə görə öz adımdan və təşkilatımız adından bir daha cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Məhz cənab Prezidentin uzaqgörən, düşünülmüş və genişmiqyaslı siyasəti nəticəsində bu gün Azərbaycan qalib dövlət kimi yeni uğurlara hədəflənib. Azərbaycanın inkişafı bizlər, xaricdə yaşayan azərbaycanlılar üçün də qürur və xöşbəxtlikdir. Mən bir tük milliyətçisi kimi hesab edirəm ki, Azərbaycanın Qarabağ zəfəri türk birliyinin, Turanın daha da möhkəmlənməsinə təkan verib. Bu gün türk birliyinin yeni günəşi Azərbaycandan doğur. Son olaraq bayraqdar.info-nun yaratdığı bu imkandan istifadə edərək Azərbaycanın və böyük türk dünyasının Novruz bayramını təbrik edirəm”, – deyə M.Karaçanta əlavə edib.

Mission News Theme by Compete Themes.