Press "Enter" to skip to content

Eskişehirdə Türk dünyası Novruz toyu

Son yeniləmə: 19 Mart 2022 11:17

Anadolu Universitetində təşkil ediləcək bayram tədbirində Azərbaycan aşıq müsiqi və milli rəqsləri də təqdim ediləcək

Bayraqdar.info – Türk dünyasının ortaq bayramı olan Novruz bayramı bu il Eskişehirdə xüsusilə yaddaqalan olacaq. Belə ki, bayram münasibətilə Anadolu Universitetində Türk dünyası Novruz toyu təşkil ediləcək.

Bu barədə bayraqdar.info-ya özəl olaraq Anadolu Universitetindən məlumat verilib.

Məlumatda deyilir ki, Eskişehir Valiliyinin dəstəyi ilə Anadolu Universiteti Türk Dünyası Bilim Kültür ve Sənət Mərkəzində təşkil ediləcək bayram tədbiri martın 20-si saat 12:00-da başlayacaq: “Anadolu Universiteti ilə yanaşı bir sıra qurumların da yaxından iştirakı ilə təşkil ediləcək bayram mərasimi Dədə Qorqud duası ilə başlayacaq. Sonra Eskişehir valisi Erol Ayyıldız açılış nitqi söyləyəcək və Türk Dünyası Vəqfi Qəyyumlar Şurasının sədri Prof. Dr Nabi Avcının çıxışı dinləniləcək. Doç. Dr. Zülfikar Bayraktarın “Novruzun önəmi” mövzusunda məruzəsindən sonra “Osmanlı arxiv sənədlərində Novruz” adlı sərgisinin açılışı olacaq. Daha sonra ənənəvi Novruz tonqalı qalanacaq. Örsün üzərində dəmir döyülməsi reallaşacaq. Mərasim zamanı qonaqlara səməni, Novruz şirniyyatları və boyanmış yumurta təqdim ediləcək. Həmçinin bütün iştirakçılar Türküstan plovu ilə ayrana qonaq ediləcək”.

Günün ikinci yarısı isə qədim türk ənənəvi idman yarışları keçiriləcək: “Bu zaman tamaşaçılar Eskişehir Ertuğrulgazi Atçılıq İdman Klubu atli döyüş növləri şousu, Novruz güləşi və Hüdavendigar Sipahileri qılınc döyüşünə tamaşa edə biləcəklər”.

Qeyd edək ki, bu bayram mərasimində Azərbaycan ab-havası xüsusilə duyulacaq. Məsələ burasındadır ki, mərasimdə Azərbaycan aşıq musiqisindən nümunələr, həmçinin Eskişehir Azərbaycanlılar Dərnəyinin rəqs qrupunun ifasında Azərbaycan xalq rəqsləri təqdim ediləcək. Mərasimin ikinci hissəsində eyni zamanda, Türk Dünyası Vəqfi Gənclik Xalq Oyunları Qrupunun təqdimatında musiqi poroqramı və Donbra konserti də olacaq. Mərasimin yekunu olaraq Eskişehir Meşə Müdirliyinin təşkilatşılığı ilə əkilmək üçün 1500 ədəd fidan paylanacaq.

“Ümumiyyətlə Anadolu Universiteti Türk Dünyası Bilim Kültür ve Sənət Mərkəzində ən azı 20 stend sahəsi qurulacaq. Bu stend sahələrində yemək xidməti və fidan paylanması ilə yanaşı, türk dünyasının müxtəlif ölkələrindən gələn tələbələr öz ölkələrini tanıdan fəaliyyətlər həyata keçirəcəklər. Eskişehir Azərbaycanlılar Dərnəyi, Yörük Türkmen Dərnəkləri, Kafkas Göçmenleri Dərnəyi, Balkan Göçmenleri Dərnəyi, Nogay Kültür Dərnəyi, Kırım Kültür Dərnəyi, Kazan Tatarları Kültür Dərnəyi kimi dərnəklər üçün xüsusi stendlər ayrılacaq. Bu qurumlar təmsil etdikləri xalqın mədəniyyətini təbliğ edə biləcəklər”, – deyə sonda əlavə edilib.

Mission News Theme by Compete Themes.