Son yeniləmə: 18 Mart 2022 14:59
Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu müəssisənin kolleksiyası əsasında nəşr olunan “Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” adlı kataloqların təqdimat mərasimi keçirilib.
Bu barədə bayraqdar.info-ya martın 18-də Muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə kataloqların həmmüəllifi, muzeyin baş direktoru akademik Nailə Vəlixanlı çıxış edib. O, kataloqların Muzey tərəfindən böyük bəstəkarların xatirəsinə bir töhfə kimi hazırlandığını vurğulayıb.
Mərasimdə, həmçinin MATM-ın icraçı direktoru dosent Fərhad Cabbarov, kataloqların həmmüəllifi, muzeyin Hədiyyələr və xatirə əşyaları fondunun müdiri Rəna Səfərova çıxış ediblər.
“Qeyd olunub ki, kataloqlarda muzeyin Hədiyyələr və xatirə əşyaları, Sənədli mənbələr və foto-neqativ materialları, Etnoqrafiya və digər fondlarında qorunan, Üzeyir Hacıbəyli və Müslüm Maqomayevə aid ümumilikdə 485 eksponat haqqında ətraflı məlumat verilir.
“Sonra Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov və Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova çıxış ediblər. Vurğulanıb ki, mədəniyyətə, incəsənətə əvəzsiz töhfələr verən dahi bəstəkarların əziz xatirəsi ürəklərdə daim yaşayacaq. Tədbir bədii hissə ilə davam edib”, – deyə xəbərdə qeyd edilir.