Press "Enter" to skip to content

Sanksiyalar – beynəlxalq münasibətlərdə ən mühüm təsir mexanizmi

Yeganə Hacıyeva

Son yeniləmə: 18 Mart 2022 21:22

Yeganə Hacıyeva: Sanksiyalar ABŞ-ın xarici siyasətinin əsas alətlərindən biri kimi ən yeni tarixdə geniş vüsət alıb

Bayraqdar.info – Rusiyanın Ukraynaya hücumu həm insan itkisi və dağıntılar, həm də iqtisadi baxımdan çoxsaylı problemlərə yol açıb. Bu kontekstdə beynəlxalq təşkilatların və xarici ölkələrin Rusiyaya çoxsaylı sanksiyalar tətbiq etməsinin üzərində xüsusi olaraq dayanmalıyıq”.

Bunu bayraqdar.info-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Açıqlamasında öncə ümumilikdə iqtisadi sanksiyaların tətbiqi mexanizminə toxunan Y.Hacıyeva aşağıdakıları bildirib: “Öncə müasir beynəlxalq hüquq çərçivəsində iqtisadi sanksiyaların tətbiqi mexanizminə nəzər salmalıyıq. Sanksiyalar kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə çoxtərəfli məcburi tədbirlər çərçivəsində, dövlətlərin həyati maraqlarının təmin edilməsi, yaxud başqa dövlətin qanunsuz hərəkəti üzündən təcavüzə məruz qalması halında müdafiəsinin təşkili tədbirləri çərçivəsində həyata keçirildikdə legitim hesab edilir. Bütün digər hallarda birtərəfli sanksiyalar – xüsusən də onlar ölkələrin ekstraterritorial qanunlarının tətbiqi ilə həyata keçirilirsə – beynəlxalq hüquq anlayışında milli suverenliyin və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin pozulmasıdır”.

Son illərin ən geniş yayılmış sanksiya tətbiqinə gəlincə, politoloq “bu sırada bir sıra dövlətlərin siyasi səbəblərdən tətbiq etdiyi birtərəfli və ya çoxtərəfli sanksiya rejimlərini qeyd edə bilərik” deyə vurğulayıb.

Bəlli olduğu kimi, Ukraynadakı proseslər fonunda ABŞ Rusiyaya sanksiya tətbiqində daha fəal görünür. Y.Haciyevanın sözlərinə görə, sanksiyalar ümumiyyətlə ABŞ xarici siyasətinin əsas alətlərindən biri kimi ən yeni tarixdə geniş vüsət alıb: “Hətta mən deyərdim ki, bu, onların müasir beynəlxalq münasibətlərdə ən mühüm təsir mexanizmlərindən birinə çevrilib. Onu qeyd etməliyəm ki, bir çox dövlətlərin və beynəlxalq təşkilatların xarici siyasətində geniş tətbiq olunan sanksiyalar müəyyən dövlətləri bu tələblərə əməl etməyə məcbur etmək üçün güc tətbiqinə alternativ vasitə kimi nəzərdə tutulur”.

Bildirilib ki, bu gün ABŞ geniş maliyyə və iqtisadi imkanlarından başqa dövlətlərə qarşı təzyiq mexanizmi kimi istifadə edən ölkələrin sırasında öndə gedir: “ABŞ beynəlxalq münasibətlərdə öz maraqlarını və beynəlxalq təhlükəsizliyi qorumaq üçün iqtisadi sanksiyaların tətbiqində ən fəal ölkələrdən biridir. ABŞ-ın sanksiya proqramlarının bir hissəsi kimi tətbiq etdiyi əsas mümkün məhdudiyyətlər arasında aşağıdakıları qeyd edə bilərik:
-Maliyyə və mülkiyyət aktivlərin dondurulması;
-ABŞ-a giriş qadağası;
-Müəyyən mal qruplarının, o cümlədən yüksək texnologiyalı və ikili təyinatlı malların ixracına məhdudiyyətlər;
-Silah və hərbi texnikanın tədarükünə qadağa;
-ABŞ maliyyə bazarına çıxışın məhdudlaşdırılması;
-ABŞ vətəndaşlarına, habelə ABŞ-da qeydiyyatdan keçmiş şirkətlərə və onların filiallarına sanksiya obyektləri ilə iqtisadi münasibətlərin qurulmasına qadağa;
-İnkişaf yardımının göstərilməsinin məhdudlaşdırılması və s”.

Y.Hacıyeva onu da əlavə edib ki, ABŞ-ın təsir aləti kimi istifadə etdiyi sanksiyalar son 30 ildə böyük dəyişikliklərə məruz qalıb, onların effektivliyi əhəmiyyətli dərəcədə artıb: “Rusiya-Ukrayna gərginliyi fonunda ABŞ tərəfindən tətbiq edilən sanksiyalar Çini də çətin duruma sala bilər. Son günlər ABŞ rəsmilərinin səsləndirdiyi “Çinin Rusiya-Ukrayna münaqişəsini söndürmək üçün konkret tədbirlər görməməsi” və “Rusiyaya qarşı sanksiyaların tətbiqində Qərb dövlətləri ilə əməkdaşlıq etməməsi” kimi fikirlər rəsmi Pekini narahat etməyə bilməz. Görünən odr ki, ABŞ Çinin Ruisyaya hər hansı dəstək verəcəyi təqdirdə bu ölkəyə də genişmiqyaslı sanksiyalarin tətbiqi üçün beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmağa başlayıb”.

Mission News Theme by Compete Themes.