Press "Enter" to skip to content

Çanakkale – Dünya düzənini dəyişən zəfər

Nadir Azəri

Son yeniləmə: 18 Mart 2022 15:12

Çanakkale zəfəri böyük türk millətinin gücünü bir daha ortaya qoydu

Bayraqdar.info – Martın 18-i qardaş Türkiyənin və ümumilikdə türk dünyasının tarixində özəl bir gündür. Çünkü tam 107 il öncə, Birinci Dünya müharibəsi zamanı, 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının zəfəri ilə sona çatan Çanakkale dəniz döyüşləri təkcə Türkiyənin deyil, türk-islam dünyasının əbədi boyunduruq altında qalmasının qarşısını aldı. Dahi Mustafa Kemal Atatürkün rəhbərliyi ilə qəhrəman türk ordusunun Çanakkale cəbhəsində apardığı mübarizə və əldə edilən 18 mart zəfəri eyni zamanda bütün dünyada proseslərin gedişatına da təsir etdi. Bu zəfər dünya düzənini, dünya ölkələrində qüvvələr nisbətini dəyişdi, böyük türk millətinin gücünü bir daha ortaya qoydu.

Türkiyənin qurtuluş hayqırtısı

Basdığın yerləri “torpaq” deyərək keçmə tanı

Həmin vaxt Mustafa Kemal Atatürkün “Benimle beraber burada muharebe eden bütün askerler kesin olarak bilmelidir ki bize verilen namus görevini eksiksiz yapmak için bir adım geri gitmek yoktur. Uyku, dinlenme aramanın, bu dinlenmeden yalnız bizim değil, bütün milletimizin sonsuza kadar mahrum kalmasına sebep olacağını hepinize hatırlatırım” tarixi çağırışının məsuliyyətini dərk edən qəhrəman türk övladları qanları ilə bir dastan yazdılar: Çanakkale dastanı. Məhz həmin döyüşlərin rəmzi olaraq ortaya çıxan “Çanakkale keçilməz!” şüarı tezliklə bütün Türkiyənin qurtuluş hayqırtısı oldu. Çanakkale zəfərinin Anadoluya, türk xalqına verdiyi əzm, ümid və qətiyyətlilik Qurtuluş Savaşının məşəlini də alovlandırdı.

Türkiyə Cümhuriyyəti, türk xalqı həmin tarixi və şəhidləri unutmur, heç zaman da unutmayacaq. Hər il 18 Mart Şehitleri Anma Günü ve Çanakkale Deniz Zaferi böyük coşqu ilə qeyd edilir.

Qanla yazılmış şərəfli bir tarix

Çanakkaledə qəhrəman türk əsgərlərinin düşmənə sinə gərdiyi həmin səngərlər

Beləliklə, 18 mart 1915-ci il nəinki Türkiyənin, ümumilkdə türk və islam dünyasının tarixinə qanla yazılmış şərəfli bir tarixdir. Çünki əgər Çanakkale savaşında Türkiyə məğlub olsaydı, bu gün bütün türk-islam aləmi vəhşi Qərbin köləsi olacaqdı. Məhz bu baş verməsin deyə Çanakkaledə dünyanın müxtəlif yerlərindən, o cümlədən o taylı – bu taylı Azərbaycandan gəlmiş türk-müsəlmanlar türkiyəli qardaşları ilə çiyin-çiyinə vururşaraq şəhid və ya qazi oldular.

İllər öncə jurnalist həmkarlarımla bu müqəddəs torpağı ziyarət etmək xoşbəxtliyi yaşamış, orada şəhidlikdə qəbir daşlarında olan adları və şəhidlərin gəldikləri ölkələrin adlarını oxuduqca qürur hissi keçirmişdim. Həmin səfərdən sonra yazdığım yazıda Çanakkaledəki şəhidliyi türk dünyasının ortaq qəhrəmanlıq şəhidliyi kimi xarakterizə etmişdim.

Çanakaledəki arzumuz çin oldu

Biz Çanakkalede olanda orada Türkiyənin müxtəlif yerlərindən olan və müxtəlif döyüşlərdə iştirak edən qazilərlə də görüşmüşdük. Həmin görüşdə də bildirildiyi kimi Çanakkaledə türk ordusu silah gücü baxımından üstün bir gücə qarşı inanılmaz döyüş taktikasından məharətlə istifadə edib. Qazilər həmin vaxt bu qəhrəmanlıqdan bizə bəhs edərkən həm də bir müqəddəs dua dəyərində olan arzularını da çatdırmışıdılar: “İnşallah, tezliklə Azərbaycan torpaqları da işğaldan azad olunar”.

İllər öncə, Çanakkaledə qazilərlə

Düzü bizlər də bu müqəddəs diyarda, Çanakkaledə sanki niyyət edirmiş kimi Allahdan xalqımıza həmin zəfər gününü nəsib etməyi arzulamışdıq. 2020-ci ilin 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun şücaəti, yüksək döyüş ruhu nəticəsində əldə edilən tarixi qələbə bizi o müqəddəs arzumuza qovuşdurdu.

Çanakkaledən Şuşaya ötürülən döyüş ruhu

Yeri gəlmişkən, bu ilin yanvarında Şuşa səfəri ilə bağlı yazıda Azərbaycan əsgərlərinin qəhrəmanlığını Seyid onbaşı kimi tarixə düşən Seyid Ali Çabukun qəhrəmanlığı ilə müqayisə etmişdim. Həmin yazıda deyilirdi: “Düzü, mən Şuşa döyüşlərini müasir dövrün Çanakkale savaşı adlandırardım. Şuşanı azad etmək üçün o sıldırım qayalara dırmanan igid əsgərlərimizi də Seyid onbaşı kimi tanınan Seyid Ali Çabuk ilə müqayisə edərdim. Xatirimdədir, jurnalist həmkarlarımla Çanakkaledə səfərdə həmin yerləri qarış-qarış gəzərkən düşünürdük ki, o zaman türk xalqı misilsiz qəhrəmanlıq göstərib. Mümkünsüzü mümkünə çevirib. Bir anlıq savaşın da, dünyanın da qədərini dəyişib. Çəkinmədən deyə bilərəm ki, eyni şücaəti igidlərimiz Şuşada göstəriblər.

Məğrur, gülərüz, qəhrəman Şuşa – FOTOLAR

“Seyid Ali Çabukdan söz düşmüşkən, 1915-ci ilin martında Çanakkaledə Kilitbahir qəsri yaxınlığındakı döyüş zamanı Seyidin hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırması döyüşün taleyini həll edib. Deyirlər, savaşdan sonra ondan xahiş edirlər ki, həmin mərmini bir də kürəyinə götür, şəkil çəkək. Lakin Seyid nə qədər çalışırsa, mərmini qaldıra bilmir. Səbəbini soruşanda isə cavab verir ki, bunun üçün həmin anda yaşanan həyəcan lazımdır.

“Hesab edirəm ki, həmin vaxt Seyidə həyəcanla yanaşı uca Tanrı da bir güc verib. Necə ki, Şuşa döyüşlərində uca Tanrı igidlərimizə yardımçı olub”.

Bu gün 18 Mart Şehitleri Anma Günü ve Çanakkale Deniz Zaferi ilə bağlı yazımıza məhz bu əhval-ruhiyyə ilə yekun vururuq: nə qədər ki, türk dünyasının Çanakkale dastanını, Şuşa dastanını yazan qəhrəman övladlaır var, bizə zaval yoxdur. Allah hər iki savaşda torpaq uğrunda can verən şəhidlərə rəhmət eləsin.

Tanrı türkü qorusun!

Mission News Theme by Compete Themes.