Press "Enter" to skip to content

AES-lərə hücum mühairbə cinayətidir

Dos. Dr. Esma Özdaşlı

Son yeniləmə: 18 Mart 2022 10:02

Esma Özdaşlı: Ukraynada yaşananlar fonunda təkcə Çernobıl AES-ə deyil, Zaporojye AES-ə də diqqət yetirilməlidir

Bayraqdar.info – Rusiyanın Ukraynaya hücumu özü ilə bir sıra problemlər və təhlükələr gətirib. Bu müharibənin gətirdiyi ən böyük təhlükə isə nüvə sızıntısı, yaxud radiasiya ilə bağlıdır. Məsələ burasındadır ki, Ukraynanı acımasızcasına bombardman edən Rusiya Çernobıl Atom Elektrik Stansiyasını da (AES) hədəfə alıb.

Məlumatlara əsasən, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində Çernobıl AES-ə elektrik enerjisi təchizatı dayanmışdı. Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi. Martın 15-də isə Çernobıl AES-in elektrik təchizatı bərpa edilib.

Beləliklə, bu məsələ dünyanı ciddi şəkildə narahat etməkdədir. Heç şübhəsiz, Çernobıl AES-də baş verəcək növbəti qəza ilk növbədə regionu təhlükə altında qoyacaq. Təbii ki, bundan qonşu dövlətlər, hətta nisbətən uzaqdakı Azərbaycan və Türkiyə də zərərsiz ötüşməyəcək.

Öz növbəsində mövcud durumu bayraqdar.info üçün dəyərləndirən Dos. Dr. Esma Özdaşlı hazırda Ukraynada yaşananlar fonunda təkcə Çernobıl AES-ə deyil, Zaporojye AES-ə də diqqət yetirilməli olduğunu deyib.

Qafqazların Çernobılı sayılan Metsamor AES (Ermənistan) barədə araşdırmalar aparan E.Özdaşlı deyib ki, bu araşdırmalar zamanı bölgədəki digər AES-lər barədə də müəyyən məlumat əldə edə bilib: “Bildiyiniz kimi, martın 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən və Avropanın ən böyük Atom Elektrik Stansiyası olan Zaporojye AES-ə zərbələr endirib. Bu zərbələr nəticəsində AES-də yanğın başlayıb. Ukraynanın energetika naziri German Galuşenko bəyan edib ki, Zaporojye AES-də Rusiya ordusunun zərbələri nəticəsində başlamış yanğın dünyanı insanlıq tarixinin ən böyük texnogen fəlakəti ilə üz-üzə qoyub. Qeyd edim ki, bu narahatlıq heç də əsassız deyil. Düzdür, Zaporojye AES Çernobıl AES-ə nisbətən daha güvənlidir. Lakin istənilən halda dünyanın 10 ən iri atom elektrik stansiyasından biri olan Zaporojye AES-dəki yanğın nüvə reaktorunda partlayışa səbəb olardısa bu, Çernobıl AES-də baş vermiş qəzadan 10 dəfələrlə artıq nüvə fəlakətinə gətirib çıxara bilər”.

E.Özdaşlı, “bu təhlükə barədə ətraflı qeyd etmədən öncə AES-lərin Ukrayna üçün əhəmiyyətinə toxunmaq istəyirəm. Məsələ burasındadır ki, AES Ukrayna üçün enerji təminatı baxımından həyati önəm kəsb edir. Ukraynada hazırda Çernobıl AES-dən əlavə daha 4 AES fəaliyyət göstərir: Zaporojye AES, Rovne AES, Xmelnitski AES və Cənubi Ukrayna AES. Bu 4 AES ümumilikdə 15 reaktorla işləyir. Ukrayna istilik enerjisinin 20 faizini, elektrik enerjisinin isə 50 faizini məhz bu AES-lər təmin edir. Bu baxımdan dəyərləndiriləndə elektrik enerjisini daha çox AES-dən alan üçüncü ölkə Fransa və Slovakiyadan sonra məhz Ukraynadır”, – deyə qeyd edib.

Onun sözlərinə görə, bunu yaxşı bilən Rusiya Ukraynaya hücum fonunda bu AES-ləri də hədəfə alır: “Bəlli olduğu kimi, Çernobıl və Zaporojye AES-lərlə yanaşı Cənubi Ukrayna AES də Rusiyanın hədəfindədir. Daha doğrusu, bu AES-in artıq Rusiyanın nəzarəti altına düşdüyü deyilir. Bütün bunlar yenidən AES-lərin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Düzdür, Zaporojye AES-ə Rusiyanın hücumundan sonra Avropada aparılan tədqiqatlar hələlik hər hansı radiasiya yayılmasının olmadığını göstərdi. Amma bu o demək deyil ki, bu təhlükə ümumiyyətlə yoxdur. Nə qədər ki, Rusiyanın Ukraynaya dağıdıcı hücumları davam edir, AES təhlükəsi də öz aktuallığını qoruyur. Üstəlik, bura Çernobıl AES-ə olan hücumu da əlavə etsək, vəziyyətin hansı şəkildə təhlükəli olduğunu deyə bilərik”.

E.Özdaşlı deyib ki, bu gün dünya ictimaiyyətinin diqqəti daha çox Çernobıl təhlükəsi üzərində cəmləməsi də səbəbsiz deyil: “Bildiyiniz kimi, 1986-cı ildə Çernobıl AES-də qəza baş verəndə SSRİ rəhbərliyi bir müddət bunu dünyadan gizlədib. Amma bu partlayış nəticəsində təkcə Ukrayna deyil, bütün bölgə ölkələri ziyan gördü. Partlayışdan bir neçə gün sonra avropalılar radiasiya səviyyəsinin artmasını müşahidə etmişdilər. Bundan sonra isə SSRİ rəhbərliyi partlayışı etiraf etmək məcburiyyətində qalmışdı. Həmin partlayış nəticəsində Çernobıl AES-in yerləşdəyi, Ukraynanın şimalındakı Pripyat şəhəri demək olar ki, tamamilə yer üzündən silindi. Hesablamalara görə, bu şəhərdəki radiasiya ancaq min il sonra tam yoxa çıxa bilər. Onu da deyim ki, partlayışdan bir həftə sonra küləyin təsiri ilə həmin radiasiya Türkiyəyə də çatmışdı. Aradan 18 il keçsə də Türkiyədə, xüsusilə Doğu Karadeniz bölgəsində bu radiasiyanın təsirini hiss edirik”.

Bir sözlə, E.Özdaşlının da qeyd etdiyi kimi mövcud durum bəşəriyyətin narahatlığı üçün kifayət qədər əsasların olduğunu təsdiqləyir: “Bütün hallarda Rusiyanın bu hücumu 1949-cu il Cenevrə Konvensiyasına görə müharibə cinayətidir. Həmin Konvensiya bu cür yerlərin bombalanmasını ciddi müharibə cinayəti sayır”.

Mission News Theme by Compete Themes.