Press "Enter" to skip to content

Verilmiş kreditlərin 99 faizindən çoxu regionların payına düşür

Son yeniləmə: 17 Mart 2022 17:52

Bayraqdar.info – İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir. Bu ilin ötən dövründə Fond tərəfindən sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Bu barədə bayraqdar.info-ya martın 17-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, cari ilin ötən dövrü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub: “Güzəştli kreditlərin layihə sayı üzrə 92,8 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 5,9 faizi sənaye məhsullarının istehsalı və emalı, 1,3 faizi isə xidmət sahələrinin inkişafının payına düşüb. Kreditlərin məbləğ üzrə 36,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 15 faizi sənaye məhsullarının istehsalı və emalı, 48,9 faizi isə xidmət sahələrinin inkişafına yönəldilib.

“Bu ilin ötən dövründə verilmiş güzəştli kreditlərdə regionların payı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, kreditlərin layihə sayı üzrə 0,7 faizi Bakı şəhəri, 99,3 faizi isə digər regionların payına düşüb. Məbləğ üzrə kreditlərin 0, faizi Bakı şəhərində, 99,7 faizi digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib”.

O da qeyd edilib ki, 2022-ci ildə güzəştli kreditlərin verilməsində aqrar sektorda istehsal və emal, qeyri-neft sənayesi sahələrinin inkişafı, turizm, tikinti, qədim xalq sənətinin müxtəlif istiqamətlər üzrə inkişafı, startaplar, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və s. sahələrin inkişafına xidmət edən layihələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən olunub: “Bundan əlavə, bu ildən etibarən Fond tərəfindən layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar da müəyyəşdirilib. Bu meyarlara əsasən, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ətraf mühit, sosial və korporativ idarəetmə faktorlarına əsaslanan, idxaləvəzləyici və ixrac yönümlü istehsal və emala yönələn və s. biznes layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcək”.

Mission News Theme by Compete Themes.