Son yeniləmə: 17 Mart 2022 14:50
Bayraqdar.info – Azərbaycan Tibb Universitetində (ATU) Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzindən gələn qonaqlarla görüş keçirilib. Görüşdə hər iki təhsil müəssisəsinin rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu barədə ATU-nun mətbuat xidmətindən bayraqdar.info-ya martın 17-də məlumat verilib.
Bildirilib ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli Təbriz Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasındakı mövcud saziş əsasında uğurlu fəaliyyətdən danışıb. Bir neçə ildir ki, iki universitetin aktiv şəkildə əməkdaşlıq etdiyini, həm tələbə, həm akademik heyət üzvləri arasında mübadilə aparıldığını bildirib.
Rektor universitetlər arasında anlaşma memorandumuna əlavə olaraq innovasiya və elmi tədqiqatların birgə aparılmasına dair yeni sənədin hazırlandığını, həmin sənədin hər iki müəssisə üçün əməkdaşlıqda yeni imkanlar yaradacağından əmin olduğunu qeyd edib.
Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin direktoru professor Soodabeh Davaran hazırlanan yeni sənədin iki universitet arasında elmi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir dünyada təhsilin inkişafının yeni texnologiyalar, yeni məhsullar istehsalı ilə yanaşı addımladığını qeyd edən qonaq bildirib ki, pandemiya dövründə tibb sahəsində innovativ yeniliklərin önəmi bir daha ortaya çıxıb. İki universitet arasında yeni əməkdaşlıq nanotexnologiyalar, əczaçılıq sahəsində də birgə elmi tədqiqatların aparılmasına imkan verəcək.
Sonra tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müştərək elmi araşdırmaların aparılması, ortaq tədbirlərin təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, iki gün davam edən səfər zamanı Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin nümayəndələri ATU-nun klinikaları, müxtəlif kafedraları ilə tanış olublar, əczaçılıq fakültəsi və laboratoriyalarını ziyarət ediblər.