Press "Enter" to skip to content

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr

Salih Altun

Son yeniləmə: 17 Mart 2022 11:43

Salih Altun: Bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə əməkdaşlığı bir millət, iki dövlət prinsipinə əsaslanır

Bayraqdar.info – Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi ənənəvi “Çərşənbə söhbəti”nin bu həftəki qonağı Eskişehir vali müavini Salih Altun olub.

Ba barədə Dərnəkdən bayraqdar.info-ya martın 17-də məlumat verilib.

Bildirilib ki, Mahmudiyyə rayon valisi Harun Rəşid Han və Sarıcakaya rayon valisi Məhəmməd Taha Canpolatın da iştirak etdiyi tədbirdə Salih Altun “İqtisadi kontekstdə Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda çıxış edib.

Çıxışda Azərbaycanın müstəqillik qazandığı gündən bu günə kimi Türkiyə ilə əməkdaşlığından geniş bəhs edilib. S.Altun deyib ki, bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə əməkdaşlığı bir millət, iki dövlət prinsipinə əsaslanır.

Vurğulanıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə iki qardaş ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuş, əməkdaşlıq sazişləri imzalanmışdır: “Bunlara misal olaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsinin əhəmiyyətini göstərmək olar”.

S.Altun çıxışında Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərindən də geniş bəhs edib. Onun sözlərinə görə, bu müharibə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya göstərdi. Qeyd edilib ki, Azərbaycan Ordusunun tarixi Zəfəri türk dünyasında sevinclə və qürurla qarşılandı.

Çıxışda eyni zamanda, tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlardan, o cümlədən Zəngəzur dəhlizindən də bəhs edilib.

Çıxışında iki ölkə arasındakı münasibətlərin bütün aspektlərinə nəzər salan S.Altun sonda qeyd edib: “2021-ci il iyunun 15-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycana növbəti səfəri çərçivəsində imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyin göstəricisi, daha dəqiq desək müttəfiqlik əlaqalərini düzənləyən tarixi bir sənəddir. Ümumiyyətlə bu sənəd bir çox məqamlarına görə, tarixi və siyasi əhəmiyyətə malikdir. Türkiyə-Azərbaycan qardaşlığının sübutu olan bu Bəyannamə regionumuza sülh, sabitlik, iqtisadi inkişaf və tərəqqi vəd edir. Bu sənədin imzalanması ilə xalqlarımızın qardaşlıq bağlarına əsaslanan Türkiyə-Azəbaycan əlaqələrinin davamlı olacağı və daha da inkişaf edəcəyi bir daha dünyaya bəyan edildi”.

Qeyd edək ki, tədbirin sonunda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın tərəfindən Salih Altuna təşəkkürnamə və hədiyyə təqdim olunub.

Mission News Theme by Compete Themes.