Press "Enter" to skip to content

Qoca Co yenə çaşdı

Nadir Azəri

Son yeniləmə: 17 Mart 2022 11:43

Yaxud onlar sürətlə hədəflərinə dogru addımlayırlar

Bayraqdar.info – Yəqin ki, dəyərli oxucularımız başlığa baxarkən bu dəfəki köşəmizin mövzusunun ABŞ-ın 80 yaşlı qoca prezidenti Co Baydenə həsr edildiyini bildilər. Prezident postuna oturandan bu günə kimi bütün dünya onun dəfələrlə çaşdığının şahidi olub. Bu yazımızda da konkret olaraq son dəfə çaşıb Ukrayna xalqı əvəzinə İran xalqı deməsindən deyil, ümumiyyətlə çoxsaylı çaşqınlıqlarının arxasında dayanan məqamlardan bəhs etmək istəyirik. Həm də ondan ki, məhz C.Baydenin hər dəfə publika qarşısında çaşması onu bu posta gətirənləri öz məqsədlərinə daha bir addım yaxınlaşdırır.

Co Baydenə baxıb Leonid İliç Brejnevi xatırlayarkən

Bunun ayrıntılarına keçməzdən öncə keçmiş SSRİ-nin rəhbərlərindən olan Leonid İliç Brejnevin hakimiyyətinin son illərini xatırlatmaq yerinə düşər. 1982-ci ildə 75 yaşında vəfat edən Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnev də hakimiyyətinin son illərində tez-tez çaşır, güclə addımlayır, publika qarşısında halsız, tükənmiş, gücsüz görünürdü. Necə ki, hazırda Co Bayden daha çox məhz bu cür məziyyətləri ilə dünyanın diqqətindədir.

Leonid İliç Brejnev və Co Bayden

Bir zamanlar L.İ.Brejnevlə bağlı bir lətifə də yayılmışdı. Deməli, L.İ.Brejnev Kremldə Böyük Britaniyanın baş naziri Marqaret Tetçeri qəbul edir. Salamlama nitqində “Hörmətli xanım İndira Qandi” deyən Baş katibə qıraqdan “Leonid İliç, bu, Marqaret Tetçerdir” deyirlər. Bu hal üç dəfə təkrarlanır. Sonunda L.İ.Brejnev hirslənərək ətrafdakılara “Mən də görürəm ki, M.Tetçerdir, amma burada kağızda İndira Qandi yazılıb” deyir.

Əslində, bu lətifənin arxasında bir vacib eyham dururdu. O da bundan ibarət idi ki, qoca Brejnevin hətta rəsmi görüşlərdəki çıxışı belə ətrafındakıların iradəsinə uyğun olurdu. Bu iradə o qədər güclü imiş ki, qoca Baş katib kağızda adı yazılanla qarşısında dayananın eyni adam olmadığını gördüyü halda belə ona icazə veriləndən artıq bir kəlmə danışmırmış.

Eyni taleni hazırda qoca Co yaşayır

Çəkinmədən qeyd edə bilərik ki, eyni taleni hazırda qoca Co yaşayır. Ona görə də mətbuat qarşısında çıxışlarında, yaxud da hansısa görüşlərdə tez-tez çaşır. Yəni sanki bu çaşmaq ssenarisini də onun üçün bir növ yazıblar. Kimlər yazıb? Dünyanı öz istədikləri formada idarə etmək üçün min cür oyunlara baş vuran güclər. O güclər ki, C.Baydenin 1988-ci ildən 2021-ci ilə kimi baş tutmayan arzusunun, “nə olursa olsun, bir gün də olsa prezident postunda oturmalıyam” inadının gerçəkləşməsində ona yardımçı oldular. Amma məsələyə dərindən nəzər salanda belə qənaət hasil olur ki, əsas məqsəd qoca siyasətçinin prezident olmaq arzusunu reallaşdırmaq deyil, özlərinin planını məhz C.Bayden vasitəsilə reallaşdırmaq idi.

Nədir o arzu? Dünyanın yenidən nüfuz dairəsinə bölünməsini, ikinci “soyuq müharibə” dövrünün başlanmasını, belə deyək ki, ərköyünlük edən Avropa dövlətlərini qorxudaraq onların yenidən ABŞ-a sığınmasını təmin etmək. Dünya düzənində cərəyan edən son prosesləri dərindən izləməklə bütün bunların baş verdiyini görmək mümkündür. Xüsusilə Ukraynanın qurbanlıq kimi Rusiyanın qarşısında tək qoyulmasından sonra Avropada “rus təlaşı”nın artması həmin güclərin hədəfə vurduqlarına işarə edir.

Doğrudur, Ukrayna kontekstində Qərb eyni zamanda Rusiyanı iqtisadi cəhətdən yarımcan hala salmağı da hədəfləyib ki, buna da nail olunmuş kimi görünür.

Avropaya edilməsi gözlənilən mümkün təkilflər

Yeri gəlmişkən, C.Baydenin tezliklə Avropaya səfər edəcəyi, NATO-nun xüsusi toplantısında iştirak edəcəyinə dair məlumat yayılıb. Böyük ehtimalla həmin toplantıda o, avropalılara NATO-nun hərbi büdcəsinə daha çox maliyyə ayırmağı və öz ərazilərində ABŞ hərbi kontingentlərinin yerləşdirilməsini təklif edəcək.

Beləliklə, ilk baxışdan belə bir sual yarana bilər ki, C.Bayden bütün bunları edirsə həmin güclər niyə onu tez-tez çaşdırmaqla çətin duruma salırlar. Məsələ burasındadır ki, o güclərə C.Bayden müvəqqəti dövr üçün, el dili ilə desək, körpünü keçənə kimi lazımdır. Böyük ehtimalla ondan sonra hazırda kölgədən ABŞ-ı idarə edən vitse-prezident Kamala Harris ölkənin bir nömrəli postuna oturdulacaq.

Son dayanacaq

C.Baydenin bir neçə dəfə “çaşaraq” K.Harrisi prezident adlandırması isə ona işarə edir ki, qoca siyasətçi də bu tale ilə razılaşıb. Sadəcə ona ayrılan müddətin başa çatmasını gözləyir. Ona kimi isə C.Bayden çoxsaylı səhvlər etməli və cızılan planı yerinə yetirməlidir.

K.Harrisin prezident postuna necə oturdulacağına gəlincə düşünmək olar ki, bunun da ssnerasi hazırdır. Artıq bir neçə dəfə C.Baydenə impiçmentin tətbiq edilməsi tələbi səslənib. Deməli ki, vaxt yetişəndə həmin impiçment tətbiq edilə və ABŞ Konstitusiyasına əsasən vitse-prezident K.Harris prezident postuna oturdula bilər. Xatırladaq ki, ABŞ-da prezident vəfat edəndə, öldürüləndə, impiçment ediləndə, istefa verəndə vitse-prezident növbəti prezident olur. ABŞ-da indiyədək 14 vitse-prezident sonradan prezident olub ki, onlardan da 9-u məhz vitse-prezident vəzifəsində olarkən prezident kreslosunda əyləşib.

P.S. Yazını hazırlayarkən internetdə maraqlı bir məlumata da rast gəldik. Bəlli oldu ki, C.Bayden senator olarkən 1988-ci ildə keçmiş SSRİ-yə səfər edibmiş. Moskvada onun SSRİ rəhbərliyində təmsil olunan bəzi şəxslərlə görüşü də olub. Bu şəkillər də həmin səfərdən bir xatirədir.

Co Bayden Andrey Qromıko ilə görüşdə

Foto 1988-ci il yanvarın 15-də çəkilib. ABŞ-ın Delaver ştatının senatoru və Senatın Xarici siyasət komitəsinin üzvü olan C.Bayden həmin tarixdə Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey Qromıko ilə görüşür. Görüşdə C.Bayden A.Qromıko ilə orta və kiçik mənzilli nüvə başlıqlı raketlərlə bağlı müqavilənin ratifikasiyasını müzakirə edib.

ABŞ və SSRİ heyətləri Moskvada müzakirə zamanı

Göründüyü kimi, C.Bayden birinci “soyuq müharibə” zamanı SSRİ ilə strateji danışıqlarda ön sırada gedənlərdən biri olub.

Mission News Theme by Compete Themes.