Press "Enter" to skip to content

Beynəlxalq sərgidə Azərbaycanın məhsullarına böyük maraq

Son yeniləmə: 17 Mart 2022 17:17

Bayraqdar.info – 10-14 mart tarixlərində Qətər Dövlətinin Doha şəhərində 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022” keçirilib. Sərgidə iştirak etmiş Azərbaycan sahibkarları sərgi zamanı əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə imzalayıblar.

Bu barədə bayraqdar.info-ya martın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb.

Həmçinin qeyd edilib ki, Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı, Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub.

Qeyd edilib ki, “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub.

Mission News Theme by Compete Themes.