Press "Enter" to skip to content

Belə getsə, Neftçala və Salyanın 250 minlik əhalisi köçəcək

Elm Günü

Son yeniləmə: 17 Mart 2022 14:03

Bayraqdar.info – Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar “Azərbaycan təbiətini qoruyaq” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda iştirak edən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov da iştirak edib.

BDU-dan martın 17-də bayraqdar.info-ya verilən xəbərdə bildirlir ki, seminarda Respublikada olan ekoloji vəziyyət müzakirə edilib, milli park, qoruq və yasaqların vəziyyəti, meşələrin qırılması, sudan səmərəli istifadə, səhralaşma problemi, Azərbaycan təbiətinin qorunmasının kartoqrafik metodlarla öyrənilməsi haqqında məruzələr dinlənilib.

Z. Eminov “Azərbaycan Respublikasında müasir ekoloji problemlər və onların həlli yolları“ mövzusunda məruzə ilə çıxış edib: “30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, – deyə alim xəbərdarlıq edib.

“Daha sonra su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: “Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.

“Tədbirdə çıxış edənlər dövlət qurumları nümayəndələrinin belə seminarlarda iştirakını məqsədəuyğun hesab ediblər, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində alim və mütəxəssislərin rəy və təkliflərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıblar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.