Press "Enter" to skip to content

Rusiya Avropa Şurasından kənarlaşdırıldı, Vladimir Putin hərbi cani elan edildi

AŞPA önündəki Rusiya bayrağı endirilir. 16 mart 2022

Son yeniləmə: 16 Mart 2022 21:35

Bayraqdar.info – 16 mart 2022-ci il həm Rusiya, həm də dünya tarixində özünəməxsus ciddi hadisələrlə yadda qalacaq. Məhz bu gün Avropa Şurası Parlament Assambleyası Rusiyanın AŞ üzvlüyündən çıxarılmasına səs verib. Xəbəri AŞ-nin müvafiq xidməti yayıb.

Bununla belə Rusiya qabaqdangəlmişlik edərək özü AŞ-dən çıxdığını bəyan edib. Təbii ki, dünyanın ciddi təpkiləri qarşısında təklənən Rusiyanın başqa çarəsi də qalmayıb.

AŞ öz qərarını vermişkən ABŞ Konqresinin Senatı Rusiya Prezidenti Vladimir Putini ittiham edən qətnamə qəbul edib. Qətnaməylə V.Putin hərbi cani kimi tanınıb. Maraqlıdır ki, bir çox məsələlərdə kəskin fikir ayrılığı olan demokratlarla respublikaçılar bu məsələdə fikir birliyi nümayiş etdiriblər. Xəbəri Konqres yayıb.

Hər iki hadisə ondan xəbər verir ki, dünyanın mütərəqqi qüvvələri Ukraynaya təcavüz edən Rusiya və onun rəhbəri V.Putinlə nəinki barışmır, üstəlik onun bir hərbi cani kimi mühakimə edilməsinə çalışır.

Qeyd edək ki, Haaqa Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına baxmağa başlayır.

Bu arada o da bəlli olub ki, Rusiya Avropa İnsan Haqları Məhkəməsi ilə də yolunu ayırdığını bəyan edib.

Təbii ki, bütün bu hadisələr Moskva üçün yaxşı perspektiv vəd etmir. Onsuz da insan haqları, demokratiya, iqtisadi problemlər içində üzən Rusiya Ukraynaya təcavüz etməklə özünü dalana dirəyib. Bir yandan da ölkə rəhbərinin gərəksiz inadkarlığı yaxınlarda Rusiyada ciddi təlatümlərin yaşanacağından xəbər verir.

Yeri gəlmişkən, güclü ordusunun olduğunu iddia edən Rusiya Ukraynada faktiki olaraq bataqlığa saplanmış kimi görünür. Bu “supergüc”ün ordusu darmadağın edilir, canlı qüvvəsi könüllü şəkildə əsir düşür, yerdə qalanlar da müxtəlif vasitələrlə savaşdan yayınmağa çalışırlar. Belə bir biabırçı durumda olan dövlətin hələ də dünyaya meydan oxuması isə bir daha göstərir ki, ona rəhbərlik edənlər 21-ci əsrdə yaşadıqlarının fərqində deyillər. Çünki davranışları orta əsr despotlarının davranışlarından fərqlənmir…

Mission News Theme by Compete Themes.