Press "Enter" to skip to content

Qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

Bayraqdar.info – “Agentlik maliyyələşdirilmiş layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb. KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, martın 16-da qurumun təşkilatçılığı ilə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.

İkinci qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini deyib. O, müsabiqəyə 200 layihənin təqdim olunduğunu bildirib.

Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 248 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci qrant müsabiqəsində qalib gəlmiş 15 KOB subyektinin layihəsi isə təqribən 280 min manat məbləğində maliyyələşdirilib.

O.Məmmədov qeyd edib ki, KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq. Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Tədbir çərçivəsində həmçinin, birinci qrant müsabiqəsi çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub.

Mission News Theme by Compete Themes.