Bayraqdar.info – Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirlik tərəfindən 21 halda yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
“Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfəri, o cümlədən Sumqayıt şəhərində “Hyundai” markalı minik avtomobili və “Hyundai” markalı sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış üç nəfəri xilas ediblər. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.
“Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir”, – deyə xəbərdə bildirilir.