Son yeniləmə: 16 Mart 2022 20:21
Türkiyə Ukraynada qan tökülməsinin qarşısını almaq üçün vasitəçilik fəaliyyətini davam etdirir
Bayraqdar.info – Rusiyanın Ukraynaya təcavüzü ilə müharibə səviyyəsinə qalxan Rusiya-Ukrayna gərginliyi getdikcə daha da şiddətlənir. Qərb ölkələrinin sanksiyalarından qəzəblənən Rusiya bunun heyfini Ukraynadan çıxır.
Bütün bunlara baxmayaraq problemin həlli üçün səylər də davam etdirilir. Bu məsələdə Türkiyə xüsusi ilə fərqlənir. Belə ki, İkinci Antalya Diplomatiya Forumu çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirlərini bir araya gətirən Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu indi də onların hər birini öz evlərində ziyarət etməyə qərar verib.
Ankara gərginliyin azaldılması üçün səylərini davam etdirir
Beləliklə, qardaş Türkiyənin xarici işlər nazirinin ilk dayanacağı Moskva olub. Martın 16-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən M.Çavuşoğlu mətbuat konfransında nikbin əhval-ruhiyyəsi ilə diqqət çəkib.
Milliyet xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında M.Çavuşoğlu deyib ki, Türkiyə bu məsələyə yanaşmada əvvəldən dəqiq və birmənalı mövqe tutub: “Rusiyanın güvəndiyi və dediklərinə qulaq asdığı bir ölkə olaraq biz Ukrayna böhranı ilə bağlı fikirlərimizi açıq şəkildə bildiririk. Çünki biz qonşuyuq, dostuq və doğru bildiyimizi bir-birimizə deməliyik”.
Danışıqlarda öncəliyin humanitar atəşkəs olduğunu vurğulayan M.Çavuşoğlu, “Hazırda öncəliyimiz xüsusilə Mariupoldan vətəndaşlarımızın və mülki şəxslərin təhlükəsiz şəkildə çıxarılmasıdır” deyib.
Müharibədə qalib, sülhdə isə uduzan yoxdur
Xarici işlər naziri Çavuşoğlu daha sonra aşağıdakıları söyləyib: “Xüsusilə Antalyadan sonra burada yenidən görüşməyimizə şadıq. Biz Türkiyə olaraq Ukraynada müharibə və böhran başlayandan bəri açıq mövqe nümayiş etdirmişik. Narahatlığımızı və tənqidlərimizi səmimi və açıq şəkildə bölüşmüşük. Biz gərginliyin azaldılması və diplomatiyaya yer açılması üçün üzərimizə düşəni etdik və bunun zəruriliyini hər dəfə vurğuladıq. Biz əvvəldən həm humanitar, həm də davamlı atəşkəsə nail olmaq üçün səy göstərmişik və buna davam edirik”.
“Təəssüf ki, fevralın 24-dən Ukraynada dağıntılar və humanitar gərginlik davam edir. Minlərlə dinc sakin həyatını itirib, 3 milyondan çox insan Ukraynanı tərk edib. Bu tendensiya dayandırılmalı və qan tökülməməlidir. Həmişə vurğuladığımız kimi, müharibədə qalib, sülhdə isə uduzan yoxdur”, – deyə o, bəyan edib.
Türkiyə-Rusiya münasibətləri zamanın sınağından çıxıb
Çıxışında iki ölkə arasındakı münasibətlərə də toxunan nazir Türkiyə-Rusiya münasibətlərinin zamanın sınağından çıxdığını qeyd edib. M.Çavuşoğlu iki ölkənin rəhbərləri arasında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
Nazir çıxışında Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da bəhs edib: “Bizim Ermənistanla da başlanmış proses var, xüsusi nümayəndələrimiz Rusiyanın yardımı ilə ilk görüşlərini burada, Moskvada keçirdilər. İkinci görüş Vyanada oldu. Antalya Diplomatik Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə də məhsuldar görüşüm oldu. Biz bu görüşü davam etdirəcəyik və Rusiyanın tam dəstəyi var. Bilirik ki, onlar əvvəldən bu prosesi dəstəkləyiblər. Azərbaycanda da eyni dəstək var. Gəlin, hamımız əvvəlcə bu atəşkəsə nail olaq, sülh əldə edək və bütün regionumuzun sülh zonası olması üçün səmimiyyətlə səylərimizi davam etdirək”.
Ankaranın Ukraynaya yanaşması son dərəcə balanslıdır
S.Lavrov isə öncə onu deyib ki, Türkiyə-Rusiya münasibətləri regionda sabitliyin təmin olunması üçün vacibdir: “Duma ilə Türkiyə Böyük Millət Məclisi arasında telefon danışığı olub. Türkiyə ilə Rusiya arasındakı münasibətlər ümumilikdə regionda sabitliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bunu hər iki tərəf qarşılıqlı fayda əsasında necə həll edəcəyini çox gözəl bilir”.
S.Lavrov Rusiyanın başlatdığı hərbi əməliyyatın məqsədinin Ukraynanı silahsızlaşdırmaq olduğunu bildirib.
Nazir Ankaranın Ukraynaya yanaşmasının son dərəcə balanslı olduğunu bildiirb: “Ankara praqmatik xətti izləyir. Türkiyə Rusiyaya qarşı birtərəfli sanksiyalarda iştirak etməyib. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsini də müzakirə etdik. Bütün işlərdən məmnun qalacağıq”.
S.Lavrov qeyd edib ki, Moskva Ankaranın Montrö Konvensiyası üzrə öhdəliklərə riayət edilməsinə məsuliyyətlə yanaşmasını qiymətləndirir.
S.Lavrov Güney Qafqazda əbədi sülhün əldə edilməsi istiqamətində cəhdlərin davam etdiyini də söyləyib: “Güney Qafqazda vəziyyəti müzakirə edərkən biz vurğuladıq ki, ötən ilin sonunda və cari ilin əvvəlində bu ümumi qonşuluq bölgəsində münaqişədən sonrakı dövrdə qarşılıqlı əlaqələr üçün yeni mexanizm – 3+3 konsultativ-regional platforma vasitəsilə təməl qoyulub”.
S.Lavrov onu da vurğulayıb ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş kursu alqışlayır.
#Canlı📡#Rusya Federasyonu Dışişleri Bakanı Sergey Lavrov ile Ortak Basın Toplantısı
📍Moskova https://t.co/1yqKXImhWK
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 16, 2022