Son yeniləmə: 15 Mart 2022 15:43
Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrası davam etdirilir. Hazırda Bakıxanov, Bəsti Bağırova və Murtuza Muxtarov küçələri, İnşaatçılar prospekti, eləcə də Yeni Yasamal yaşayış massivi 1 ünvanlarında çoxmənzilli yaşayış binalarının məhəllə və binadaxili su təchizatı sistemləri yenilənir.
Bu barədə bayraqdar.info-ya martın 15-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Abad məhəllə layihəsi çərçivəsində Yasamal rayonunun Yeni Yasamal 1 yaşayış massivində 4 binanın su təchizatı sistemləri yenidən qurulur: “Sovet dövründə tikilmiş həmin çoxmənzilli yaşayış binalarında daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur. Üstəlik, mövcud xətlər sakinləri fasiləsiz içməli su ilə təmin etməyə imkan vermir. Sayğacların mənzillərin daxilində olması bəzi hallarda onların vaxtında oxunmasını çətinləşdirir ki, bu da uçotun düzgün aparılmasına problemlər yaradır.
“Yeni layihəyə əsasən, binaların həyətlərindən 500 metr uzunluğunda su xətləri çəkilərək binaların giriş xətlərinə birləşmə verilir. Bununla da, binalara suyun birbaşa paylayıcı xətlərdən verilməsi təmin olunur və zirzəmilərdən keçən borular ləğv edilir. Layihə çərçivəsində 310 evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.
“Yasamal rayonu Bakıxanov, Bəsti Bağırova, Murtuza Muxtarov küçələrində, həmçinin İnşaatçılar prospektində yerləşən 9 çoxmənzilli yaşayış binasının da məhəllə və binadaxili su təchizatı sistemləri yenidən qurulur. İndiyədək həmin binaların içməli su təchizatı məhəllədaxili nasos stansiyası vasitəsilə qrafikli rejimdə həyata keçirilirdi. Layihə çərçivəsində məhəllədaxili nasos stansiyasında yenidənqurma işləri aparılıb və burada hidrofor tipli yeni nasoslar quraşdırılıb. Eyni zamanda, məhəllələrdə 600 metr uzunluğunda su xətləri çəkilib və binadaxili sistemlərə birləşdirilir. Binalarda dik dayaqlar pilləkən qəfəsələrinə çıxarılaraq buradan mənzillərin girişlərinə birləşmə verilir. Yeni sistem 350-dək mənzildə sakinləri 24 saat içməli su ilə təmin etməyə imkan verəcək.
“Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması gələcəkdə binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Hər bir mənzildə sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, xidmət haqqının vaxtında yığılmasına və debitor borcların yaranmamasına gətirib çıxaracaq. Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub”.