Press "Enter" to skip to content

Uludağ qıs turizmi üçün ideal məkanlardan biridir

Son yeniləmə: 15 Mart 2022 15:59

Bayraqdar.info – Qardaş Türkiyədə turistlərin rahatlığı üçün hər cür şəraiti yaradıldığı məkanlar çoxdur. O cümlədən Uludağ qış turizmi üçün ideal məkanlardan biridir.

Qeyd edək ki, Uludağ Türkiyənin Bursa şəhərinin cənub-qərbində, şəhər mərkəzindən 36 km uzaqlıqda yerləşir. Türkiyənin ən əhəmiyyətli qış idman mərkəzlərindən biridir. Türkiyənin Azərbaycandakı səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə, zəngin florası və müxtəlif heyvan növləri ilə 1961-ci ildə Milli Park elan edilən Uludağ bütün il boyu ziyarətçiləri qəbul edir.

Dağda xüsusilə yay aylarında trekking və kempınq təcrübələri də çox populyardır. Qədim dövrlərdə Uludağın adı “Həmişə parlayan” mənasını verən Olympos Misios olub və mifologiyaya görə bu təpə tanrıların Troya müharibəsini seyr etdiyi yer olub.

Bir çox festivala və tədbirə ev sahibliyi edən Uludağ mərkəzdə yerləşdiyi üçün “heli-ski (vertolyotla xizək sürmə), snowbord, buz konkisi və snowbiking” (qar velosipedi) üçün də çox uyğun parkurlara malikdir.

Məlumatda qeyd olunub ki, Uludağ qərbi Anadolunun ən hündür dağıdır. Qara təpə adlanan zirvəsinin hündürlüyü 2543 metrdir. Cənub-cənub qərb küləklərinin hakim olduğu mülayim iqlimə malik olan Uludağ sıx meşələrlə örtülüdür: “Xizək sahəsinin hündürlüyünün 1750 metr ilə 2543 metr arasında olduğu Uludağda xizək sürmək üçün ən ideal mövsüm dekabr və mart aylarıdır: “Uludağ xizək mərkəzi iki ayrı ərazidən ibarətdir. Birinci ərazidə 17-si dövlət, 19-u özəl olmaqla, ümumilikdə 10 min çarpayılıq 36 mehmanxana və istirahət obyekti, 1986-cı ildə turizm mərkəzi elan edilən ikinci ərazidə isə dörd mehmanxana var. Bu iki ərazi həm də butiklər, restoranlar, kafelər, barlar, əyləncə yerləri və sağlamlıq mərkəzləri baxımından çox zəngindir”.

O da bildirilib ki, xizək mərkəzində xizək avadanlıqlarını icarəyə götürmək və təcrübəli təlimatçılardan dərs almaq da mümkündür. Ərazidə səkkiz telesiyej, yeddi T-bar (teleski) və 13 müxtəlif xizək pisti var.

Mission News Theme by Compete Themes.