Son yeniləmə: 15 Mart 2022 14:57
Bayraqdar.info – Türkiyədə sənədsiz və qeydiyyatsız yaşayan soydaşlarımızın övladlarının təhsil alması məsələsi dövlətimizin diqqət mərkəzindədir.
Bu barədə bayraqdar.info-ya martən 15-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, azərbaycanlı uşaqların təhsil alması və attestatla təmin edilməsi məqsədilə sosial layihə əsasında Türkiyədə məktəblər fəaliyyət göstərir. Bu məktəblərdən biri Heydər Əliyev adına Azərbaycan məktəbi, digəri isə Mübariz İbrahimov adına Azərbaycan məktəbidir.
Bu məktəblərdə 8 illik təhsil alan yeniyetmələrimizin savadsızlıq problemi aradan qaldırılır, həmçinin onların Azərbaycanda təhsillərini davam etdirə və attestat ala bilməsi imkanı yaranır.
DİDK həmin məktəblərin fəaliyyətinə dəstək göstərir və azərbaycanlı uşaqların təhsil alması və problemlərinin həlli istiqamətində önəmli addımlar atır.
Yeri gəlmişkən, bu yaxınlarda Komitənin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu hər iki məktəbdə olub. Proqramda məktəblərin problemlərinə, texniki imkanlarına aydınlıq gətirilib, müəllim-şagird heyətinin təhsil imkanlarının genişləndirilməsi ilə əlaqədar istək, arzu və təklifləri səsləndirilib.