Press "Enter" to skip to content

İlaxır Çərşənbə: Xeyir, bərəkət, ruzi, oyanış

Bəhmən Faziloğlu

Son yeniləmə: 23 May 2022 20:30

Bəhmən Faziloğlu – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent

Bayraqdar.info – Axır Çərşənbədir… İl tamam olur. Novruz sisteminin ən təntənəli günü İlaxır Çərşənbədir. İlin sonuncu Çərşənbəsi Güneyli-Quzeyli Azərbaycanın hər yerində heç bir digər adla yox, yalnız “İlaxır Çərşənbə” adıyla deyilir, qeyd olunur. Səməd Vurğun poemalarının birində yazırdı:

Axır Çərşənbədir… İl tamam olur,
Bu il kənd içində danışır hamı –
At üstdə gəlmişdir Novruz bayramı –
Qulunlu at üstdə… Bu bir muraddır.
Qocalar deyir ki, bolluq keçəcək,
Torpaq su yerinə şərbət içəcək.
Odur ki, hamının ürəyi şaddır,
Hamının arzusu, ümidi gülür,
Üzündən, gözündən nurlar tökülür.

İlaxır Çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasim vardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır. Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatın sərtliklərinə dözərək, səbr edərək ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır.

Tonqal

İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxır Çərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır Çərşənbəyə düşür. İnsanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsin. Əgər ruhlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub. Övladlarından küsərək qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır Çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür.

İlaxır Çərşənbə

İlaxır Çərşənbə təmtərağı ilə digər Çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki Çərşənbələrdə də “Çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma İlaxır Çərşənbənin növrağı xeyli zəngindir.

Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bəzi bölgələrdə İlaxır Çərşənbənin təntənəsi Novruzun özünü belə üstələyir.

Bu Çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.

Axır Çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxır. Axır Çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işləri görürlər. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır Çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.

İlaxır Çərşənbə

İlaxır Çərşənbə ilə bağlı bir sıra adətlər, ənənələr, sınamalar vardır.

Azərbaycanda bir adət budur ki, həmin Çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan-bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.

Axır Çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

İlaxır Çərşənbə ilə bağlı bəzi fallar da var.

Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Sevda Əskər

Axır Çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər.

Axır Çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır.

Axır Çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq yarı görərsən.

Axır Çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.

Axır Çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər.

Axır Çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər.

İnama görə, bu Çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Novruzlu günlərdə, xüsusilə İlaxır Çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir.

“Xanbəzəmə”, “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. kimi oyunlar məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır.

İlaxır Çərşənbə

Məsmayıl

Məsmayıl oyunu ildə bir dəfə – İlaxır Çərşənbənin axşamı icra olunur. Elin-obanın qız-gəlinləri, cavanları niyyət tutub kəndin ən yaşlı ağbirçəyi olan nənənin evinə toplaşırlar. Dünyagörmüş nənə də iri mis qazanı dupduru su ilə doldurub ağzını da ağ süfrə ilə qapayır. Məsmayıla gələn qız-gəlinlər ürəklərindəki arzu və niyyətlərin həyata keçməsi üçün bir daha dua edib gətirdikləri sancağı, muncuğu, sırğanı, üzüyü özlərinin nişanəsi kimi su dolu qazana atarlar. Bu mərasimdə gənc oğlanlar da iştirak edə bilər. Oyun başlayır, ilk bayatını ağbirçək nənə özü deyir. İnanca görə, hər deyilən bayatıdan sonra nənə əlini qazana salıb qarışdırır və içərisindən təxmini üzük, sırğa, sancaq, muncuq çıxarır. Çıxan nişanə kimindirsə bayatının mənası da onun qismətinə yozulur. Bayatılar da əsasən arzuların, ümidlərin doğrulacağını, həyata keçəcəyini, sevgililərin bir-birinə qovuşacağını ifadə edir.

Əzizinəm, düzə gəl,
Çəmənə gəl, düzə gəl,
Döyüb qonşu qapısın,
Çaşıb elə bizə gəl.

Dəvə gəlir enişdən,
Topuğacan gümüşdən
Bizə də bir pay düşə,
Xurcundakı yemişdən.

İlaxır Çərşənbə

Oyun üç dəfə təkrar olunur, qazan üç dəfə dolub-boşalır. Sonda cavanlar həmin suda ucuna pambıq bərkidilmiş iynə qaçırdırlar. İynənin biri sevən oğlanı, o biri də qızı ifadə edir. Bir-birini qovan iynələr qovuşursa, bu da sevənlərin bir-birinə qovuşacağına işarə kimi yozulur. Mərasim sona yetəndə ağbirçək nənə mis qazandakı suyu dirilik, azar-bezardan qurtuluş rəmzi kimi camaatın üzünə çiləyir və “üzünüzə aydınlıq” deyir.

İlaxır Çərşənbənin ən məşhur mərasimi “Vəsfi-hal”dır.

Göydə ulduz olaydım,
Can gülüm, can, can!

“Vəsfi-hal” mərasimində iştirak edənlər aralığa “dilək tası” adlanan su ilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. atıb ağ yaylığı badyanın üstünə salaraq oxuyarlar:

Araz axar, burular,
Can gülüm, can-can!
Suyu daşda durular,
Can gülüm, can-can!

Ürəkdə arzun olsa,
Sənə də toy qurular,
Can gülüm, can-can!
Can gülüm, can-can!

Axır Çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə “Novbaş” deyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur; suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər.

İlaxır Çərşənbə

Ürəklərdə neçə-neçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, “ağırlıqlarını suya tökər”, çillə kəsdirərlər. Hamı təzə sudan – İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər. Belədə il ruzulu olar, bərəkət artar.

İlaxır Çərşənbə mahiyyət baxımından bütün Çərşənbələrin ümumiləşdirilmiş – yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı Çərşənbəsinə həvalə olunur.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Onların qanları, canları hesabına, qəhrəmanlığı, igidliyi hesabına torpaqlarımızı düşmən işğalından azad etmişik. Dua edək ki, azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri elə bir vüsət alsın ki, otuz ilin işini bir ildə görək. Ağrı-acılara dözək, yaralarımızı saraq. Səfərbər olunub bütün çətinliklərin öhdəsindən gələk, Vətənimizin güclənməsi üçün daha da əzmkar, mübariz olaq.

İlaxır Çərşənbəniz mübarək olsun!

Mission News Theme by Compete Themes.