Press "Enter" to skip to content

İdmançı və mütəxəssislərə dövlət mükafatları təqdim edilib

Gənclər və İdman Nazirliyi

Son yeniləmə: 15 Mart 2022 13:40

Bayraqdar.info – Martın 15-də Prezidentin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib. Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının və məşqçilərinin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Tokioda uğur qazanmış idmançıları yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək onlara qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.

“Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.

“Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2021-ci il tarixli və 6 sentyabr 2021-ci il tarixli sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.