Press "Enter" to skip to content

İnsanlar məhsulların üzərindəki marka və nişanları müəyyən qədər bilməlidirlər

İstehlakçı

Son yeniləmə: 15 Mart 2022 19:02

Bayraqdar.info – “Keyfiyyət sahəsində yaranmış məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək martin 15-ni Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyib: “İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar”.

“İstehlakçıların Hüquqlarının Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub. İnsan hüquqlarının əsaslarından biri də istehlakçıların hüquqlarıdır. İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Eyni zamanda, istehlakçının hüquqları insan hüquq və azadlıqları sırasında yer tutan əsas məsələlərdəndir. Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən istehlakçılardır”.

Bu sözləri bayraqdar.info-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov

Azərbaycanda istehlakçıların hüquqlarının tez-tez pozulduğunu onlara daxil olan ərizə və şikayətlərin çoxluğundan müəyyən etdiyini bildirən ekspert 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul edildiyini bildirib. “Bununla yanaşı, digər normativ hüquqi aktlar da var ki, həmin Qanun və hüquqi aktlarla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir. Hazırda ölkədə istehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etmək və s. hüquqlarının təsbit edildiyi təkmil qanunvericilik bazası formalaşıb.

“Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulub. Bundan başqa, Azərbaycanda artıq iki ildir ki, Qida Təhlükəsizliyi Agentliyi də fəaliyyət göstərir ki, onlar da market, mağaza və küçə ticarətində qidaların təhlükəsizliyinin qayğısına qalırlar”, – deyə E.Hüseynov qeyd edib.

İstehlakçı

AİB sədrinin bildirdiyinə görə, Respublikada istehsal edilən, habelə idxal edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır. Müştərilər istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı aldığı məhsulun ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da istehlakçının keyfiyyət hüququdur. İstehlakçının tələbi ilə satıcı (istehsalçı, icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur. İstehsalçı və satıcı malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir:

“Aldığımız malların üzərində olan standartları, işarələri çoxları bilmir və bununla maraqlanmır. Bu da əksər hallarda istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Hər bir insan istifadə etdiyi dərman preparatı, məişət əşyası, geyim və qida məhsulları barədə və onların üzərində olan marka və nişanları müəyyən səviyyədə bilməlidir”.

E.Hüseynov onu da qeyd edir ki, alınan hər hansı bir əşya sağlamlığa və yaxud əmlaka ziyan vurarsa, onda alıcının onun əvəzini bərpa etməyi tələb etmək hüququ var. Hər bir insanın aldığı məhsulun keyfiyyətini, tərkibini bilmək, ona daha yüksək xidmət göstərilməsini tələb etmək hüququ mövcuddur. İstehlakçının hüquqlarını qorumağa məsul olanlar ona məhsul və xidmət təklif edən tərəflər, eləcə də bu sahədə dövlət tənzimlənməsini həyata keçirən aidiyyəti orqanlardır. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı alındığı yerdə başqa mala dəyişdirmək hüququ var.

Mission News Theme by Compete Themes.