Press "Enter" to skip to content

Dövlət sərhədini saxta sənədlərlə keçməyə çalışanlar aşkar edilib

Saxta sənəd

Son yeniləmə: 15 Mart 2022 14:59

Bayraqdar.info – Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkili, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyəti davam etdirir.

DSX-nin mətbuat mərkəzindən martın 15-də bayraqdar.info-ya bildiriblər ki, təkcə son beş gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

“Martın 11-də İzmir-Bakı reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı – 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan əsaslı yoxlama aparılıb. Yoxlama nəticəsində pasportların saxtalaşdırıldığı müəyyən olunub.

“Martın 12-də Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar İzmir-Bakı reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə Bakı-London istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olduğu aşkarlanıb.

“Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurub. Səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırıldığı müəyyənləşdirilib.

“Martın 14-də Doha-Bakı reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları – 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Şarif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Ravan Ahmed Hasanın Malayziya pasportlarının saxtalaşdırıldığı aşkarlanıb.

“Martın 15-də Bakı-İstanbul-Nyu-York reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırıldığı müəyyənləşdirilib. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.