Son yeniləmə: 15 Mart 2022 19:02
Bayraqdar.info – “Mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair KOB dostuna müraciət edə bilərlər”.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Qeyd edək ki, martın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi və Ağdam rayonlarında sahibkarlarla görüşlər keçirilib. Eyni zamanda həmin rayonlarda KOB dostları fəaliyyətə başlayıb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib. Bildirilib ki, bununla da Qarabağ iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-ə çatıb. Hazırda KOB dostları ölkənin 30 şəhər və rayonunu əhatə edir.
Görüşlərdə bildirilib ki, Ağdam rayonu üzrə KOB dostu ofisi Heydər Əliyev Mərkəzində, Ağcabədi rayonunda isə Bayraq Muzeyində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Yerli icra hakimiyyətlərinin başçılarının, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlərdə KOBİA-nın İdarə Heyətinin sədri O.Məmmədov Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə də KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostları müvafiq rayonlarda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək. KOB dostları həmçinin, sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək.
O.Məmmədov KOB dostu şəbəkəsinin ölkənin əksər şəhər və rayonlarını əhatə etdiyini qeyd edərək sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələlərin qarşıdakı dövrdə Agentliyin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən olduğu, Qarabağ iqtisadi rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarların KOBİA-ya müraciət edə biləcəyi diqqətə çatdırılıb.
Görüşlər çərçivəsində KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Həmin gün həmçinin, Ağdamda “Gənclərin biznes emalatxanası” layihəsinə başlanıb. Layihəyə cəlb olunmuş peşə təhsili alan gənclərlə görüş keçirilib. Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.