Press "Enter" to skip to content

ABŞ və Kanadadan Ermənistana xəbərdarlıq – RUSİYAYA GÖRƏ

Azər Həsrət

Bayraqdar.info – Martın 14-də Rusiyanı öz çirkin təbliğatı ilə fəlakətə sürükləyənlərdən biri – erməni Marqarita Simonyanın Sputnik Armenia-sı yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı olub. Xəbər olaraq maraqlıdır, doğrudur. Lakin yenə də təbliğat, yenə də birtərəflilik, yenə də əsas məsələdən yayındırma cəhdi mütləq var. Ona görə də qərara gəldik ki, kiçik bir araşdırma-qarşılaşdırma aparaq.

Beləliklə, Sputnik Armenia yazır ki, N.Paşinyan E.Blinkenlə “Dağlıq Qarabağ ətrafındakı durumu və gərginliyin artmasını, regional prosesləri müzakirə edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimlənməsi, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, İrəvan və Ankara arasında dialoqa da toxunublar”.

Sputnik Armenia daha sonra qısaca-ötəri qeyd edir ki, “N.Paşinyan və E.Blinken beynəlxalq məsələlər, o cümlədən də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”. Xəbər Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadla verilib.

Diqqət edilərsə, sanki bu telefon danışığının əsas mövzusu Qarabağ olub. Sanki ABŞ Dövlət katibi məhz buna görə N.Paşinyanla danışıb.

Əslində necədir? Bunu ABŞ Dövlət Departamentindən martın 14-də bayraqdar.info-ya daxil olan xəbərlə müəyyən etmək olar.

Departamentin sözçüsü Ned Prays sözü gedən telefon danışığıyla bağlı belə bir açıqlama yayıb: “Dövlət katibi E.Blinken bu gün Ermənistanın Baş naziri N.Paşinyanla danışıb. Katib ABŞ-Ermənistan ikitərəfli münasibətlərinin davamlı olmasının vacibliyini və ABŞ-ın Güney Qafqazın dinc, demokratik və çiçəklənən gələcəyinə sadiqliyini qeyd edib. Son vaxtlar Ermənistan və Azərbaycan qüvvələri arasındakı gərginliyə də toxunan Dövlət katibi tərəfləri təmkinli olmağa, bütün məsələlərdə əhatəli həll yolunu tapmaq üçün diplomatik səyləri genişləndirməyə çağırıb. Katib Ermənistanda demokratik islahatların davam etdirilməsi üçün çağırış edib. O, digər tərəfdaşlarla birlikdə ABŞ-ın Moskva və onun dəstəkçilərini, o cümlədən Belarusdakı Aleksandr Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə görə məsul tutduğunu vurğulayıb”.

Elə xəbərin son cümləsi telefon danışığının əsl səbəbini açıqlamırmı? Halbuki Ermənistan tərəfi öz xəbərində bu cümləni ötəri, başdansovdu təqdim etməklə məsələnin mahiyyətini gizlətməyə cəhd göstərib. Lakin ABŞ Dövlət Departamentindən yayılan açıqlamaya baxılarsa, Qarabağ, Güney Qafqaz söhbətlərinin əsas mövzu olmadığı aşkar görünür. ABŞ Dövlət katibinin zənginin əsas səbəbi məhz Ukraynadır. O, Ukrayna məsələsində təcavüzçü Rusiyaya dəstək verən, onun yanında yer tutanlara xəbərdarlıq üçün edib bu zəngi. Çünki Ukrayna müharibəsi başlayandan Ermənistan cəmiyyəti də fəal şəkildə Rusiyanın təcavüzünə dəstək verir, ölkə hakimiyyəti isə Ukrayna xalqına hər hansı şəkildə, örnək üçün, humanitar müstəvidə belə rəğbət ifadə etmir. Yəni Ermənistan haqqı tapdanan Ukraynanın deyil, təcavüzkar Rusiyanın yanında yer alır. Bu isə ABŞ-ın gözündən qaça bilməzdi…

ABŞ-la bərabər qonşu Kanada da Ermənistanın belə davranışından narahatdır ki, o ölkənin Baş naziri N.Paşinyanla məsələni müzakirə etmək gərəyi duyub.

Yenə də Sputnik Armenia şakərinə sadiq qalaraq təbliğatçılıq edərək Kanada Baş naziri Castin Trüdonun N.Paşinyanla telefon danışığının mahiyyətini “Dağlıq” Qarabağ üzərinə kökləməyə çalışıb.

Cəmi bir cümləlik xəbərdə deyilir: “Baş nazir N.Paşinyan telefonda Kanadalı həmkarı C.Trüdo ilə Dağlıq Qarabağ ətrafında gərginliyin artması, Güney Qafqazdakı durum və Ukraynadakı vəziyyəti müzakirə edib”.

Göründüyü kimi, yenə də erməni təbliğatı əsas diqqəti çoxdan tarix olmuş “Dağlıq” Qarabağın üzərinə çəkməyə çalışır. Əslində isə necə olub? Xəbərin mahiyyətini Kanada Baş nazirinin ofisindən mediaya verilmiş xəbərdən oxumaq olar.

“Bu gün Baş nazir C.Trüdo Ermənistanın Baş naziri N.Paşinyanla danışıb. Baş nazir C.Trüdo Rusiyanın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı qanunsuz güc tətbiqi və təcavüzünü kəskin şəkildə qınayıb. Liderlər humanitar və iqtisadi narahatlıqlar, atrmaqda olan təhlükəsizlik qayğıları da daxil olmaqla regiondakı münaqişələrin təsirini müzakirə ediblər. Onlar Dağlıq Qarabağda sabitliyə və davamlı sülhə dəstək ifadə ediblər.” Yəni Kanada Baş nazirinin telefon söhbətilə bağlı media üçün açıqlaması bundan ibarətdir.

Göründüyü kimi, burada da Ermənistan təbliğatı diqqəti əsas məsələdən yayındırır, guya Qarabağın müzakirə mövzusu olduğu görüntüsü yaratmağa çalışır. Halbuki Kanada Baş nazirinin telefon zənginin əsas mövzusu Rusiyanın Ukraynaya təcavüzü və onun ətrafında baş verənlər olub. ABŞ Dövlət katibi kimi Kanada Baş nazirinin də belə bir zəngə zərurət duyması heç şübhəsiz ki, Ukraynaya təcavüz məsələsində Ermənistanın Rusiyaya dəstək verməsi olub.

Hər iki telefon zəngiylə bağlı okeanın o tayından yayılan xəbərləri diqqətə alanda belə anlaşılır ki, bu zənglər Ermənistan dövlətinə xəbərdarlıq məqsədilə edilib. Ermənistan tərəfinin yaydığı və diqqəti süni şəkildə Qarabağın üzərinə çəkməyə etdiyi cəhdi nəzərə alanda zənglərin doğrudan da Ukrayna məsələsində xəbərdarlıq mahiyyəti daşıdığına şübhə yeri qalmır…

Mission News Theme by Compete Themes.