Press "Enter" to skip to content

ABŞ Dövlət katibi Azərbaycana təşəkkür edib

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 15 Mart 2022 22:27

Bayraqdar.info – ABŞ Dövlət katibi Entoni Blinken martın 15-də Prezident İlham Əliyevə zəng edərək bir sıra məsələləri müzakirə edib.

Bu haqda xəbəri bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən veriblər.

Departamentin sözçüsü Ned Praysın adından yayılan xəbərdə deyilir ki, Dövlət katibi ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini qeyd edib. Eyni zamanda o, ölkəsinin Güney Qafqazın dinc, demokratik və zəngin inkişafına sadiq olduğunu deyib.

Ermənistan və Azərbaycan arasında son vaxtlar müşahidə edilən gərginliyə də toxunan E.Blinken tərəfləri təmkinli olmağa və ortaya çıxan bütün məsələləri hərtərəfli həll etmək üçün diplomatik çalışmaları sürətləndirməyə çağırıb.

Dövlət katibi Azərbaycanda insan haqları və təməl hüquqlara hörmətin əhəmiyyətini də vurğulayıb.

E.Blinken ABŞ-ın digər tərəfdaşlarıyla birlikdə Aleksandr Lukaşenkonun başçılıq etdiyi Belarus rejimi də daxil olmaqla Moskva və onun dəstəkçilərini Ukraynaya qarşı əsassız və ədalətsiz müharibəyə görə məsul tutduğunu vurğulayıb.

Əlavə edək ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə E.Blinkenin Ukraynaya edilən humanitar yardımlara görə Azərbaycana təşəkkür etdiyi də bildirilir.

Mission News Theme by Compete Themes.