Bayraqdar.info – “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır. Biz, dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük”.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri A.Mirzoyanın söylədiklərinə dair şərhində öz əksinin tapıb.
XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, şərhdə qeyd olunub ki, Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır: “Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”.