Press "Enter" to skip to content

İctimai müzakirə təşkil olunub

Son yeniləmə: 14 Mart 2022 12:55

Bayraqdar.info – “Biznes subyektlərinin hüquqlarının müdafiəsi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir”.

Bunu martın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Qeyd edək ki, martın 14-də KOBİA-nın, Azərbaycan RespublikasınınVəkillər Kollegiyasının və Mediasiya Şurasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə dövlət qurumlarının və iş adamlarının iştirakı ilə növbəti ictimai müzakirə təşkil olunub. KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, müzakirə “Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilib.

Tədbiri giriş sözü ilə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov açıb. O, tədbirin sahibkarlıqla bağlı mübahisələrin həlli, biznes subyektlərinin peşəkar hüquqi yardım alması sahəsində vəziyyətin öyrənilməsi, bu istiqamətdə mediasiyanın təşviqi vədövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi məqsədilə keçirildiyini qeyd edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya institutunun mübahisələrin həlli sahəsində alternativ yol olduğunu, bu təsisatın artıq işlədiyini bildirib. Qeyd olunub ki, mediasiya KOB-larla bağlı mübahisələrin həllində, eləcə də bu sahədə biznes subyektlərininxərclərinin azalması, effektiv mediasiya prosesində tərəflər arasında razılığın əldə olunması nəticəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli vasitədir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən uğurlu islahatların, mediasiya institutunun formalaşmasının, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının investisiya və biznes mühitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərdiyini vurğulayıb. Qeyd olunub ki, kommersiya mübahisələrinin həlli istiqamətində Agentliyə daxil olmuş 300-dən çox müraciət üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub. O.Məmmədov bildirib ki, “Mediasiya haqqında” Qanun mübahisələrin məhkəmədən kənar – mediasiya yolu ilə həllinə öz töhfəsini verməkdədir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında kommersiya məhkəmələrinin təşkili, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, biznes fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli və Mediasiya Şurasının həmtəsisçilərindən olan Kollegiyanın bu sahədə fəaliyyəti barəəd danışıb. O, mübahisələrin alternativ həlli imkanlarının genişləndirilməsi, sahibkarların hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsinin peşəkarlıqla həyata keçirilməsi ilə bağlı KOBİA ilə birgə görülən işləri, eləcə də ölkədə biznes mühitinin sağlamlaşdırılması və cəlbediciliyi baxımından kommersiya arbitraj məhkəmələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovşuranın fəaliyyəti, mediasiya sahəsində tənzimləmə və nəzarət mexanizmləri barədə məlumat verib.

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli sahəsində vəkillərin və sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.