Son yeniləmə: 14 Mart 2022 19:24
Emin Həsənli: Ortaya çıxan sualların fonunda arzuolunmaz bir mənzərə yaranır
Bayraqdar.info – “Hazırda Ukraynanı düşündürən bircə məsələ var ki, öz ərazi bütövlüyünü qorusun və bu işğala birdəfəlik son qoysun. Buna görə də onlar mümkün ola biləcək bütün vasitələrdən istifadə etməyə çalışırlar”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
“Ukraynanın xaricdən cəlb etdiyi muzdlular arasında Rusiya kəşfiyyatına işləyənlərin olması da mümkündürmü” sualını cavablandıran ekspert öncə aşağıdakıları bildirib: “Əlbəttə, yaxşı olardı ki, ölkənin özünün güclü ordusu olsun. Yəni bu cür taleyüklü savaşda muzdlulara ehtiyac olmasın. Deməyim odur ki, Ukrayna öncədən bu müharibəyə hazırlıqlı olmalıydı. Bu hazırlıq da təbii ki, ilk növbədə güclü ordunun formalaşmasından keçməliydi. Amma biz görürük ki, indiki halda Ukrayna muzdlu döyüşçülərdən istifadə etmək məcburiyyətindədir. Bəli, Ruisyanın da muzdlu döyüşçülərdən istifadə edəcəyinə dair artıq məsələ qətiləşib. Görünən odur ki, Rusiya da bu müharibəyə ya tam hazır olmayıb, ya da öncədən dəqiq hesablama aparılmayıb. Amma sual konkret Ukrayna ilə bağlı olduğu, həmçinin Rusiyanın da cəlb edəcəyi muzdlular məhz Ukrayna ərazisində döyüşəcəkləri üçün mən bu istiqamətdə yarana biləcək problemlərə toxunmaq istəyirəm”.
E.Həsənli muzdlu döyüşçü cəlb etməyin bir sıra problemlərə yol aça biləcəyini deyib: “Əvvəla bu muzdlular müxtəlif ölkələrdən gəliblər və onların döyüş taktikaları da başqadır. Hazırda Ukraynada elə bir vəziyyət mümkün deyil ki, həmin müxtəlif taktikalı muzdluları heç olmasa bir neçə günlük ümumi taktika əsasında bir komandanlıqda idarə etsinlər. Yəni onların necə koordinasiya olunması, hansı bölgələrdə necə döyüşəcəyi da sual altındadır. Bura həmin muzdluların döyüşlərin getdiyi yerə yaxından bələd olmamasını da əlavə etsək vəziyyətin nə qədər vahiməli olduğu üzə çıxır. Bir sözlə, ortaya çıxan sualların fonunda arzuolunmaz bir mənzərə yaranır”.
Müsahibimiz əlavə edib ki, muzdlularla bağlı digər məsələ odur ki, onlar prosesə milli mübarizə kimi deyil, pul qazanmaq və döyüşməkdən, necə deyərlər, adrenalin üçün istifadə edirlər: “Ən qorxulusu isə odur ki, adətən heç bir hərbi nizam-intizama tabe olmayan bu cür dəstələr bəzən pul alıb döyüşdükləri ərazilərdə sadə insanlara da zərər verirlər. Biz ayrı-ayrı ölkələrin təcrübəsində bunu görmüşük. Təsəvvür edirsinizmi, guya o dövləti, xalqı qorumaq üçün gələn muzdlu döyüşçülər bəzən kimsəsiz, köməksiz qalmış qadın, qızlara qarşı iyrənc əməllərə əl atırlar. Yəni muzdlu döyüşçüləri mən adətən həbsxanadan çıxmış və hər hansı qanunun fərqində olmayanlarla müqayisə edirəm. Məsələnin başqa bir qorxulu tərəfi isə odur ki, müharibə bitəndən sonra bu əli silahlı muzdlular həmin silahı dövlətə qarşı da yönəldə bilərlər. Konkret sualınıza gəlincə deyə bilərəm ki, peşəsi pul alaraq qan tökmək olan bu cür muzdlulardan daxildə təxribat yaratmaq üçün də istifadə edilə bilər”.