Son yeniləmə: 14 Mart 2022 15:38
Bayraqdar.info – Martın 16-da Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsinin növbəti tədbiri görkəmli xanəndə Cabbar Qaryağdıoğluna həsr olunacaq.
Bu barədə BMM-dən martın 14-də bayraqdar.info-ya bildirilib. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.
“Dəyirmi masa”nın bu dəfəki mövzusu “Cabbar Qaryağdıoğlu – xanəndə, bəstəkar, tədqiqatçı” olacaq.
“Tədbirdə mövzu üzrə Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, professorlar Minəxanım Nuriyeva , Vaqif Yusifli, şair, publisist, “Cabbar Qaryağdıoğlu” kitabının müəllifi Vaqif Bəhmənli, ssenarist, Cabbar Qaryağdıoğluna həsr olunmuş 2 sənədli filmin müəllifi Kəmalə Musazadə və ssenarist Hafiz Eynullayev xanəndənin həyatı və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcəklər.
“Yeni formatda təqdim olunan layihədə BMM-in solistlərinin ifasında Cabbar Qaryağdıoğlunun mahnılarından ibarət musiqi nömrələri təqdim olunacaq”, – deyə xəbərdə qeyd edilir.