Press "Enter" to skip to content

Bu qərar tərəflərə uğur vəd etmir

Dr. Yücel Karauz

Yücel Karauz: Müharibədə zəfəri vətəni, milləti, bayrağı uğrunda döyüşənlər qazana bilər

Bayraqdar.info – “Vətəni, milləti, bayrağı, milli mübarizəsi və vətən sevgisi olmayandan xeyir gəlməz”.

Bunu həm Ukraynanın, həm də Rusiyanın əcnəbi, muzdlu döyüşçülərdən istifadəyə dair qərarına münasibət bildirən Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında o, öncə qeyd edib ki, hər iki ölkənin döyüşlərlə bağlı qəbul etdiyi qərarlar bölgəyə sabitlik deyil, daha çox qanın tökülməsini vəd edir: “Bu, yəni Ukraynanın da, Rusiyanın da döyüşlərdə əcnəbi muzdlu döyüşçülərdən istifadəyə dair qərarı bölgədəki qanlı toqquşmanın, göz yaşının, günahsız insanların ölümünün davam etməsinə səbəb olacaq. Bu isə həm ümumilikdə regionda sülhü, sabitliyi təhlükəyə məruz qoyur, həm də qlobal sabitliyi risq altına alacaq”.

Türkiyəli general bu qərarın digər bir məqamına da nəzər salmağın vacib olduğunu deyib: “Rusiya kimi nəhəng bir dövlətin bu müharibədə Suriyadan könüllü adı altında 16 min nəfəri qəbul etməsi ağlasığmazdır. Bu nə məntiqi, nə də hərbi baxımdan qəbuledilməzdir. Əgər bir vaxtlar kimsə desəydi ki, Rusiya Ukrayna qarşı müharibədə öz hərbçilərinin gücü ilə qalib gələ bilməyib, Suriyadan muzdlular cəlb edəcək həmin adama gülərdilər. Yəni kimsə buna inanmazdı və Rusiya kimi güclü bir dövlətin belə bir qərar qəbul edəcəyi ağla gəlməzdi. Eyni fikirlər Ukrayna üçün də keçərlidir”.

“Mən bu məqamda bir daha o fikrimi təkrar edirəm ki, əsgərlik çox ciddi peşəkarlıq tələb edən bir məsləkdir. Bunun qayda və tələbləri var. Əsgərlik, hərbi xidmət birlik, bərabərlik ruhudur. Əsgərlik yeri gələndə səngər dostun üçün sinəni qabağa verməkdir. Yəni hərbidə ən önəmli məsələ silahdaşlıqdır, bir-birinə inam, birgə təlim görməkdir. Bir sözlə, bu qədər ciddi, bəlli qaydaları olan peşəyə tələb olunanan səviyyədə yanaşılmalıdır. Yəni dünyanın müxtəlif yerlərindən gətirlən muzdlu döyüşçülərlə, heç bir-birini tanımayan, hərbi təlim səviyyəsi bəlli olmayan insanlarla bu cür həyati əhəmiyyətli savaşa girmək təhlükəlidir. Mən bura həmin insanların döyüşəcəkləri ərazilər barədə hər hansı dərin məlumatının olmamasını da əlavə etmək istəyirəm. Yəni bu, qarşıduran tərəflərin heç birinə fayda, uğur vəd etmir. Əgər bu cür addımlar fayda gətirsəydi bu özünü İraqda, Əfqanıstanda, Suriyada, Liviyada doğrultmuş olardı. Amma göründüyü kimi orada bu cür taktika heç bir uğur gətirməyib. Ukrayna-Rusiya cəbhəsində də bu cür davranış yalnız müharibənin daha geniş əraziyə yayılması və böhranın uzun müddət davam etməsinə səbəb olacaq”, – deyə müsahibimiz əlavə edib.

Y.Karauz açıqlamasını “Bayraksızlar” şeirindən bir misalla tamamlayıb: “Mən bu məqamda “Bayraksızlar” adlı şeiri xatırladım. Orada deyilir ki:

Bayraksızlar bayraksızlar
Yere düşse bayrak sızlar

Yəni demək istəyirəm ki, bayrağı olmayanın, yəni öz bayrağı uğrunda mübarizə aparmayanın başqa ölkə üçün, başqa ölkənin mübarizəsi üçün heç bir köməyi ola bilməz. Zəfər ancaq öz bayrağı, milli mübarizəsi, xalqı, ülküsü uğrunda savaşanlarındır.”

Mission News Theme by Compete Themes.