Son yeniləmə: 14 Mart 2022 10:07
Bayraqdar.info – Azərbaycan Tibb Universiteti (ATU) indiyədək bir çox Türkiyə universitetləri ilə əməkdaşlıq sazişləri imzalayıb. Bu anlaşmalar çərçivəsində ortaq layihələr, qarşılıqlı səfərlər, ikitərəfli onlayn dərslər təşkil olunub.
Bunu ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib.
ATU-nun mətbuat xidmətindən bayraqdar.info-ya martın 14-də verilən məlumata görə, Avrasiya Universitetlər Birliyinin sədri, İstanbul Aydın Universitetinin sahibi Mustafa Aydın Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor G.Gəraybəylinin qonağı olub.
Görüşdə professor G.Gəraybəyli qonağa universitet haqqında geniş məlumat verib, tədris və təlim prosesindəki yeniliklərdən danışıb. Qeyd edilib ki, ATU-da 7000 tələbə təhsil alır: “Bunlardan 2500-ü xaricilərdir ki, onların da əksəriyyəti qardaş Türkiyə vətəndaşlarıdır. Xarici tələbə sayına görə ölkə universitetləri arasında birinci yerdəyik. ATU-da tədris 3 dildə aparılır, son illər proqramlarımıza ciddi dəyişikliklər edirik”.
Bir çox xarici universitetlərlə, o cümlədən qardaş ölkənin ali təhsil ocaqlaır ilə əməkdaşlıq etdiklərini deyən rektor 44 günlük Vətən müharibəsi dövründə həmin universitetlərdən dəstək bəyanatları aldığını bildirib. Həmin dövrdə qardaş Türkiyənin bütün imkanları ilə yanımızda olduğunu xatırladan rektor Azərbaycan xalqına verilən bu böyük dəstəyə görə bir daha minnətdarlığını bildirib.
M.Aydın səmimi sözlər üçün təşəkkür edərək, rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Qeyd edib ki, İAU Türkiyənin ən çox tələbəsi olan, həmçinin azərbaycanlı tələbələrin də ən çox müraciət etdiyi vəqf universitetidir. Hazırda 40 min tələbəsi olan bu ali məktəbdə 400-ə yaxın azərbaycanlı təhsil alır.
M.Aydın həm sahibi olduğu universitet, həm də Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün dünyada təhsilin inkişafı, bu sektorda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər gördüklərini vurğulayıb. Avrasiya Universitetlər Birliyində dünyanın 55-dən çox ölkəsindən 125-dən artıq aktiv universitetin təmsil olunduğunu bildirən M.Aydın, Azərbaycan Tibb Universitetini də bu sırada görməkdən məmnun olacaqlarını qeyd edib.
Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Avrasiya Universitetlər Birliyinin baş katibi Səbinə Hüseynova, İstanbul Aydın Universitetinin Azərbaycandakı təmsilçisi Fərid Şahbazlı iştirak ediblər.