Press "Enter" to skip to content

İran üzərindən açılacaq dəhliz Zəngəzur dəhlizini inkar etmir

Azər Həsrət

Son yeniləmə: 13 Mart 2022 12:00

Bayraqdar.info – Prezident İlham Əliyevin uzaq mənzilli strateji gedişləri artıq heç kimdə təəccüb doğurmur. O, ölkə rəhbəri olaraq bapbalaca Azərbaycanı dünyanın diqqət mərkəzində tutmağa davam edir. Vaxt vardı ölkəmiz heç kimin tanımadığı, xəritədə belə yerini tapa bilmədiyi bir coğrafiyadı. İndi isə nəinki tanınmaq, hələ bir dünyanın taleyini həll edəcək məsələlərdə söz sahibi olmaq kimi üstünlük əldə edib Azərbaycan. Əlbəttə ki, Prezident İ.Əliyevin təmkinli, uzaqgörən, ölçülüb-biçilmiş gedişləri sayəsində.

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Bəyanatda nəzərdə tutulan şərtlər arasında Zəngəzur dəhlizinin açılması da var. Uzaq keçmiş deyil, hər kəs xatırlar ki, Ermənistan tərəfdə bəzi siyasi qüvvələr bu dəhlizə qarşı açıq çıxışlar edirdi (indi də edənlər var, amma səsləri gur çıxmır). Bunun üzündən o ölkənin Baş naziri Nikol Paşinyan da bəzən xaric vururdu. Amma bağlı qapılar arxasında dəhlizin açılacağına təminat verməyə hələ də davam edir.

Zəngəzur dəhliziylə bağlı bir problem də ondan ibarətdir ki, Ermənistanın sıfırdan belə bir altyapı qurması indiki mərhələdə çox çətin görünür. Çünki şərtlərə görə, Azərbaycan öz ərazisindəki dəmir yolunu və əlavə kommunikasiyaları bərpa etdiyi kimi, Ermənistan da 40 km uzunluğunda olan kommunikasiyaları tikib qurmalıdır. Bu isə böyük maliyyə vəsaiti deməkdir: son vaxtlar Ermənistan tərəfindən dilə gətirilən rəqəmlərə görə, hardasa 250 milyon ABŞ dolları. Müharibədən darmadağın olaraq çıxmış, onsuz da əlində heç bir vəsaiti olmayan Ermənistan üçün olduqca böyük rəqəmdir və onu qısa müddətdə təmin etmək təbii olaraq çətindir. Belə bir şəraitdə Zəngəzur dəhlizinin qurulması obyektiv səbəblərdən daha uzun çəkə bilər. (Nəzərə alaq ki, Ermənistan bir ildir Qafan-Gorus yolu kimi kiçik miqyaslı bir layihənin əlində əsir-yesir olub, hələ də ortaya bir nəticə çıxara bilmir…)

Azərbaycanınsa gözləməyə nə vaxtı, nə də həvəsi var. O baxımdan alternativlər barədə düşünmək, konkret qərar vermək vacib idi və İ.Əliyev də məhz bu yolu seçdi. İndi gələcəkdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizinə alternativ üzərində qərar verilib. Azərbaycan qonşu İranla onun ərazisindən keçəcək paralel dəhlizin qurulması yönündə razılaşma imzalayıb. Yəni nə qədər ki, Ermənistan öz daxili problemlərini həll etməkdə çətinlik çəkir və bu da vaxt itkisinə səbəb olur, Azərbaycan gələcəyi də təminat altına alacaq alternativlə bağlı çox ciddi gediş edir.

Belə bir durumda bəzi dağıdıcı qüvvələr Azərbaycanın Ermənistanla razılaşmalarda geri addım atdığı görüntüsü yaratmağa çalışır. Amma əbəs yerə. Çünki Azərbaycan İran ərazisindən keçəcək yeni dəhlizə qol qoymaqla nəinki Qərbi Zəngəzur dəhlizindən imtina etmir, əksinə, bu dəhliz imkanını daha da genişləndirmiş olur. Üstəlik də risklərdən sığortalanır. Yəni günün birində Rusiyanın nəzarətində olan Qərbi Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem yaşanarsa Azərbaycan İran ərazisindən keçəcək əlavə dəhlizlə hərəkətini davam etdirəcək. Bu isə Pekindən Londona qədər uzanan böyük bir yolun davamlılığı üçün olduqca vacibdir. Ermənistanla olan anlaşmadan bir addım belə geri çəkilməkdən isə söhbət gedə bilməz.

Onu da əlavə edək ki, İranla bu anlaşma Ermənistanı iki ayrı məsələdə çətin duruma salacaq.

Birincisi, 44 günlük savaşın ardından İranın Ermənistan üzərindən Qara dənizə istiqamətlənəcək nəqliyyat-kommunikasiya dəhlizi məsələsidir ki, artıq onu unutmaq olar. Yəni Ermənistan alternativ axtarışında Güney qonşumuzla belə müzakirələr aparırdı, hətta Hindistanı da bu işə cəlb etməyə çalışırdı. Artıq İran Azərbaycanla bu dəhliz məsələsində ortaq məxrəcə gəldiyi üçün Ermənistanın istəyi istək olaraq qalacaq.

İkinci tərəfdən də alternativ dəhlizin olması Ermənistanı məcbur edəcək ki, Zəngəzur dəhlizi məsələsində tələssin və mümkün qədər yumşaq şərtlərlə onun işini təşkil etsin. Əks təqdirdə dəhliz hazır olsa belə özünü doğrultmayacaq. Bu da Ermənistanın bir çox iqtisadi və siyasi problemlərinin həllini gecikdirəcək. Belə bir gecikdirmə isə ölkənin daha da rəzil günə düşməsinə, üstəlik vətəndaş narazılığının daha da körüklənməsinə səbəb olacaq. Əlbəttə, Ermənistan onsuz da çətin durumdadır, bu yandan da əlavə çətinliyə dözə bilməz.

Bir sözlə, Azərbaycan Zəngəzur dəhlizi məsələsində Ermənistanın razılığını almaqla ciddi uğur qazanmışdısa, indi İran üzərindən keçəcək alternativlə bağlı razılaşma imzalamaqla bu uğuru əlavə təminat altına alıb. Eyni zamanda Ermənistanın asılılığını daha da artırıb. Təbii ki, işlərin belə gedişi Azərbaycan üçün çox uğurlu gələcək vəd edir.

Mission News Theme by Compete Themes.