Press "Enter" to skip to content

Müraciətlərin qəbulu davam edir

Təhsil Nazirliyi

Son yeniləmə: 12 Mart 2022 11:50

Bayraqdar.info – 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir.

Bu barədə bayraqdar.info-ya martın 12-də Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir: “Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üztanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür. Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir”.

Məlumatda o da qeyd edilib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Xatırladaq ki, 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna fevralın 16-dan başlanılıb.

Mission News Theme by Compete Themes.