Son yeniləmə: 12 Mart 2022 09:56
Bayraqdar.info – Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. İnternet vasitəsilə aparılan ərizə qəbulu martın 17-dək davam edəcək.
Bu barədə bayraqdar.info-ya martın 12-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, martın 12-si saat 09:35-ə olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 55 min 868 abituriyent ərizəsini təsdiq edib. Onlardan 51 min 194-ü Azərbaycan bölməsi, 4 min 674-ü rus bölməsi üzrədir.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.
İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-də təsdiq etdirirlər.