Son yeniləmə: 11 Mart 2022 17:25
Bayraqdar.info – 9-10 mart tarixlərində Azərbaycan Turizm Bürosunun Şamaxı və İsmayıllı destinasiyaları ilə bağlı hazırladığı fəaliyyət planı müzakirə edilib. Müzakirədə həmin rayonların turizm sənayesi nümayəndələri iştirak edib.
Bu barədə bayraqdar.info-ya martın 11-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı ATB nümayəndələri tərəfindən müvafiq turizm sənayesi tərəfdaşlarının bu planda qeyd edilən fəaliyyətlərlə bağlı tövsiyələri və təklifləri dinlənilib.
Görüş çərçivəsində istirahət mərkəzi, hotel, restoran və qonaq evlərini təmsil edən turizm sənayesi nümayəndələri tərəfindən turistlərin qarşılaşdıqları çətinliklər və mövcud çatışmazlıqlar səsləndirilib.
Qeyd edilib ki, regional turizm sənayesi nümayəndələri ilə aparılan müzakirələrin əsas məqsədi mövcud çatışmazlıqların aradan qaldırılması, turizm xidmətlərinin çeşid və sayının artırılması, fəaliyyət planına uyğun olaraq hədəf bazarların təyin olunması, eləcə də bu bazarlara uyğun marketinq strategiyalarının hazırlanmasıdır.