Press "Enter" to skip to content

Məktəblilər üçün partlayıcı sursatların təhlükəsi

Son yeniləmə: 11 Mart 2022 18:53

Bayraqdar.info – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi, UNICEF və Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanan Fəaliyyət Planı çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri təşkil olunur.

Proqram çərçivəsində ötən ilin noyabr ayından etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən 12-17 yaş arası məktəblilər üçün “Zoom” və “Teams” onlayn platformaları üzərindən mina təhlükəsizliyi bacarıqları üzrə təlimlər, həftəlik vebinarlar və maarifləndirmə dərsləri keçirilir.

“Maarifləndirmə proqramına Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən və Bərdə üzrə seçilmiş 93 ümumi təhsil müəssisəsindən 2 minə yaxın məktəbli cəlb olunub. Təhsil alanların partlayış təhlükəsinə qarşı maarifləndirilməsi, proqramın effektivliyi və səmərəliliyinin artırılması məqsədilə hazırlanan xüsusi məlumatlandırıcı broşurlar, vəsaitlər təlim və vebinarlarda istifadə olunur. Sonda iştirakçıların öyrəndiyi biliklərin möhkəmləndirilməsi test vasitəsi ilə sınaqdan keçiriləcək.

“Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış qaydaları və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri uşaq və gənclərə aşılamaqdan ibarətdir”. Bu barədə Təhsil Nazirliyindən martın 11-də bayraqdar.info-ya bildirilib.

Mission News Theme by Compete Themes.