Son yeniləmə: 11 Mart 2022 14:19
Bayraqdar.info – Ötən 30 il ərzində Azərbaycan və Birləşmiş Krallıq arasında enerji sahəsində əməkdaşlıq başda olmaqla hərtərəfli və dinamik tərəfdaşlıq münasibətləri qurulub. Bunu Azərbaycanın Böyük Britaniyadı səfiri Elin Süleymanov deyib.
Qeyd edək ki, martın 10-da Britaniya Parlamentinin Lordlar Palatasında tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyinə həsr olunub.
Bu barədə bayraqdar.info-ya martın 11-də Azərbaycanan bu ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Londondakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Parlamentin İcmalar və Lordlar Palatasının üzvləri, Xarici İşlər Nazirliyi, Beynəlxalq Ticarət Nazirliyinin əməkdaşları, Londonda akkreditə olunmuş səfirvə diplomatik korpusun üzvləri, bir sıra şirkət və tədqiqat mərkəzlərininnümayəndələri, azərbaycanlı icmasının üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Lordlar Palatasının üzvü, Leyborist Partiyasında Azərbaycanın Dostları qrupunun təsisçisi Lord Evans (Lord Evans) xüsusi olaraq Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlərə həsr etdiyi şeiri səsləndirib. O, ölkələrimiz arasındakı möhkəm və sağlam tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.
Tədbirə Birləşmiş Krallıq hökuməti adından bu ölkənin Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, Xarici İşlər nazirinin müavini Ceyms Kleverli (James Cleverly, Minister of State for Europe and North America) video-mesaj göndərib. Dövlət naziri ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib. O, həmçinin ölkələrimiz arasında iqtisadi, enerji, beynəlxalq təhlükəsizlik sahələrində uğurlu tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib.
C.Kleverli Azərbaycan hərbçilərinin britaniyalı hərbçilərlə birgə Kabil beynəlxalq hava limanında evakuasiya prosesindəki peşəkarlığını və qəhrəmanlığını xüsusi minnətdarlıq hissi ilə vurğulayib. İşğaldan sonra Azərbaycan ərazilərinin bərpasına Birləşmiş Krallığın bundan sonra da dəstəyini davam etdirəcəyi qeyd edilib.
O, ölkəsi üçün Azərbaycanın vacib ticarət tərəfdaşı olduğunu vurğulayıb, siyasi, beynəlxalq təhlükəsizlik, ətraf mühitin mühafizəsi, təmiz enerjiyə keçid istiqamətlərində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu ifadə edib. Ölkələrimiz arasındakı mədəni münasibətlərdən bəhs edərkən Qarabağ atlarının ənənəvi olaraq Vindzor Atçılıq Şousunda iştirakını xüsusi qeyd edib.
Tədbir zamanı, həmçinin səfir Elin Süleymanov, Xarici İşlər Nazirliyinin rəsmisi Castin Makkenzi Smit (Justin McKenzie Smith), Parlamentin Azərbaycan Qrupunun sədri Bob Blekmen (Bob Blackman) və BP şirkətinin Birləşmiş Krallıq üzrə ölkə direktoru Luiz Kingem (Louise Kingham) çıxış ediblər.
Səfir E.Süleymanov hər iki ölkənin regionun enerji mənzərəsini tamamilə dəyişdiyini qeyd edib. O, bu günlərdə diplomatik münasibətlərin 30 illiyi münasibətilə Prezident İlham Əliyev və Baş Nazir Boris Conson arasında məktub mübadiləsinin əhəmiyyətinivə bu məktublarda verilmiş mesajları xüsusi vurğulayıb.
Səfir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyə görə Birləşmiş Krallığa minnətdarlığını ifadə edib.
Səfir, həmçinin Britaniyadakı azərbaycanlı icmasının fəallığını və cəmiyyətlər arasındakı münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.