Son yeniləmə: 11 Mart 2022 14:40
Bayraqdar.info – Martın 10-da EY Azərbaycan şirkəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və ABB-nin sponsorluğu ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibini açıqlayıb.
Bu barədə bayraqdar.info-ya martın 11-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycanın iş adamları arasında artıq üçüncü ildir ki, keçirilən müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 9 namizəd arasından seçilib.
Beləliklə, iştirakçıların müraciətlərini hərtərəfli dəyərləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Seçimə əsasən “İnnovasiyalar” nominasiyasında “ATL Tech” şirkətinin təsisçisi Rəşad Mirzəyev, “Sosial təsir” nominasiyasında “ZIRA Natural & Gourmet” brendinin sahibi Afət Əhmədova, “Ən yaxşı müştəri həlli” nominasiyasında isə “YIĞIM Ödəniş Sistemi”nin təsisçisi və direktoru Vüqar Cəfərov təltif olunublar.
Bu ilki müsabiqənin qalibi isə“Sosial təsir” nominasiyasına layiq görülən “ZIRA Natural & Gourmet” brendinin təsisçisi Afət Əhmədova olub. Məlumata əsasən o, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Afət Əhmədova qalib olduğuna görə qürur duyduğunu deyib: “Səylərimin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi məni olduqca qürurlandırır. Gördüyüm işlər inanclarımı və fəlsəfəmi əks etdirir, bunların dəyərləndirilməyinə çox şadam”.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev isə bildirib ki, son iki il Azərbaycanda və dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarlar üçün olduqca çətin olub: “EY-ın ölkəmizdə təşkil etdiyi müsabiqənin məqsədi mövcud maneələri aşaraq yaşanan çətinliklərə baxmayaraq yollarına davam etməyə qərar vermişşəxsləri qiymətləndirməkdir. İnanıram ki, əzm və dayanıqlıq nümayiş etdirən insanlar digərlərini ruhlandırmağa və bizneslərini inkişaf etdirməyə davam edəcəklər. “EY şirkətiyaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan “EY İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur”.
Tədbirə virtual formatda qoşulan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov is “Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından prioritetlərdən biridir və bu hədəfə çatmaq üçün bir sıra mühüm addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq 3-cü dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq”, – deyib. O.Məmmədov həmçinin “Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərməsi də bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”, – deyə əlavə edib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “EY İlin İş Adamı” müsabiqəsinə üçüncü ildir ki, maliyyə tərəfdaşı dəstəyi verdikləri üçün məmnun olduqlarını bildirib.
Onu da qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və EKVITA konsaltinq şirkəti müsabiqənin tərəfdaşları sırasındadır. “Qeyd edək ki, EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən artıq şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır”, – deyə mılumatda sonda vurğulanıb.