Press "Enter" to skip to content

Erməni təxribatları Qarabağda antiterror əməliyyatlarına gətirib çıxara bilər – RAMİL MƏMMƏDLİ

Son yeniləmə: 11 Mart 2022 12:10

Bayraqdar.info – Müdafiə Nazirliyinin son vaxtlarda yayılan məlumatında bildirilir ki, son günlər ermənilərdə bir aktivlik hiss edilir, onlar Azərbaycan ərazilərində bir-birinin ardınca təxribat törədirlər. Azərbaycan ordusunun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Bu məsələ hətta Türkiyədə dövlət başçılarının görüşündə də müzakirə edilib. Nə baş verir?

Bayraqdar.info-nun əməkdaşı ilə söhbətində məsələyə münasibət bildirən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirir ki, bu hadisələrə nəzər yetirməmişdən əvvəl hadisələrin baş vermə səbəbinə diqqət yetirmək lazımdır:

“Məsələ burasındadır ki, məhz bu gün Rusiya sülhməramlılarının olduğu ərazidə – Qarabağda Ermənistan silahlı qüvvələrinin bu cür təxribatlarının səbəbi birmənalı olaraq həmin ərazidə məhz erməni sillahlı birləşmələrinin mövcud olmasıdır. Bu isə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müvafiq müddəalarının hələ də icra olunmaması ilə bağlıdır. Bu məsələnin daha qlobal səbəbidir. Digər səbəb isə ermənilərin hələ də Qarabağda onların hüquqi mövcudluğunun tanınması üçün beynəlxalq təşkilatlardan və  bəzi dövlətlərdən təzyiq gözləmələridir. Onlar düşünürlər ki, bununla hüquqi status əldə edəcəklər. Belə təxribatları həyata keçirməklə ermənilər öz mövcudqluqlarını bəyan etməyə çalışırlar. Bu münaqişənin, bu problemin hələ də həll olunmadığını dünyaya çatdırmağa cəhd edirlər. Əsas məsələ də bundadır. Ermənilər bu təxribatlara əl atmaqla düşünürlər ki, beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət yenidən Azərbaycana təzyiq göstərəcək və danışıqları ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilməsinə nail olacaqlar. Bu isə əlbəttə ki, Ermənistan tərəfinin birmənalı olaraq imzasına və 2020-ci il noyabrda imzaladığı bəyanata və bundan sonra imzaladığı və razılığa gəldiyi digər məsələlərə qarşı həyata keçirdiyi addımdır. Əslində belə anlama gəlinir ki, Ermənistan nəinki öz imzasına, hətta rəsmi Moskvanın, Rusiya prezidentinin atdığı imzaya belə hörmətsizlik nümayiş etdirir. Regiondakı mövcud gərginlik, xüsusən də Ukraynada Rusiya və Qərb arasında olan bu gərginlik Ermənistan üçün də belə təxribatlar həyata keçirməyə imkan yaradır. Ermənilər düşünürlər ki, Rusiyanın və münaqişənin həllində maraqlı olan dövlətlərin diqqəti Ukraynaya yönələcək və onlar Qarabağda bu təxribatları həyata keçirməklə öz istəklərinə nail olacaqlar”.

Hərbi ekspert vurğulayır ki, əslində vəziyyət tamamilə fərqlidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bu məsələyə toxunub və ölkənin digər rəsmi şəxsləri də bununla bağlı öz fikirlərini səsləndiriblər ki, belə davam edərsə, Azərbaycan hələ də Qarabağda mövcud olan separatçı liderlərin və onların tabeliyində olan silahlı qrupların zərərsizləşdirilməsi üçün zəruri addımlar atmaq məcburiyyətində qalacaq.

“Doğru və ya yanlış, reallığı əks etdirən və ya əks etdirməyən formada dünyanın bir çox ölkələri bu cür vəziyyətlərdə antiterror adı altında müəyyən əməliyyatlar keçiriblər. Yəni, belə presedentlər var. Bu baxımdan belə halları əsas götürərək Azərbaycan da öz ərazisində bu kimi tədbirlər həyata keçirə bilər”, – deyə ekspert qeyd edib.

R.Məmmədli bayraqdar.info-nun əməkdaşı ilə söhbətində 2000-ci illərin əvvəllərində Rusiyanın öz subyekti olan Çeçenistan ərazisində həyata keçirdiyi əməliyyatları xatırladıb.

“Yaxud da digər ölkələrdə həyata keçirilən əməliyyatları buna misal göstərmək istəyirəm. Yəni, heç bir ölkə heç bir halda Azərbaycana irad tuta bilməz. Lakin yenə də Azərbaycan bu məsələdə səbrli davranır və 2020-ci il noyabrın 10-da imzalanan bəyanata öz imzasını atan Rusiya Federasiyasının öz üzərinə götürdüyü öhdəliyin icrasını gözləyir. Hesab edirəm ki, rəsmi Moskva bu məsələnin həlli ilə bağlı müəyyən addımlar atmalıdır. Araik Arutyunyan, Vitalik Balasanyan, Bako Saakyan, Ohanyan və digərlərinin tabeliyində olan silahlı birləşmələr, həmçinin Ermənistan MN-in daha əvvəl də Qarabağda dislokasiya olunmuş 1-ci əlahiddə ordusu, hansı ki müəyyən bölmələr oradadır, həmin ərazilərdən çıxarılacaqlar və nəhayət ki, sülh bərqərar olacaq. Əks təqdirdə, erməni hərbi birləşmələrinin bu cür təxribatları yalnız və yalnız orada yaşayan erməni əhalisi üçün, dinc sakinlər üçün müəyyən problemlərin yaranmasına gətirib çıxaracaq”, – deyə o vurğulayıb.

Mission News Theme by Compete Themes.