Son yeniləmə: 11 Mart 2022 15:11
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşları və M.F.Axundzadə adına Milli Kitabxananın əməkdaşı kitabxana və nəşriyyat sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyəyə səfər ediblər.
“8-11 mart tarixlərində nümayəndə heyəti tərəfindən Türkiyə Naşirlər Birliyi, Naşirlərin Peşə Birlikləri Federasiyası (YAYFED), Türkiyə Çap Yayın Peşə Birliyi (TBYM), Nəşriyyatların Müəlliflik Hüququ və Lisenziyalaşdırma Peşə Birliyi (YAYBİR) və TÜYAP-ın idarə heyəti ilə görüşlər keçirilib. İki ölkə arasında müvafiq sahə üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri və Türkiyənin 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində, Azərbaycanın isə 39-cu İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq statusunda iştirakına dair təşkilati məsələlər müzakirə edilib.
“Eyni zamanda, nümayəndə heyəti 9 mart 2022-ci il tarixində Atatürk Mədəniyyət Mərkəzində keçirilən Naşirlərin Fikir Maratonu (Ideathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının qaliblərinin mükafatlandırma mərasimində iştirak edib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 9-11 mart tarixlərində təşkil olunan beynəlxalq standart eyniləşdirmə nömrələri – ISBN (International Standard Book Number), ISMN (International Standard Music Number), ISSN (International Standard Serial Number), Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri (AKİS), elektron kitabxanalar, TEDA proqramı (Türkiyə Ədəbiyyatının Dünyaya Açılışı), OLP (Open License Program) üzrə təlimlərə qatılıb və Türkiyənin IPA (İnternational Publishers Associaton) və IFRRO ilə (International Federation of Reproduction Rights Organisations) əməkdaşlıq təcrübəsi müzakirə edilib.
“Məlumat üçün bildiririk ki, 2022-ci ilin oktyabr ayında təşkil olunacaq 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ilk fəxri qonaq ölkəsi Türkiyə Respublikası olacaq. Bu günə qədər Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ststusunda heç bir ölkə çıxış etməyib”, – deyə xəbərdə bildirilir.